5 Mart 2015 14:33
292

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən İradə Qədirlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, İradə Qədirli Xırdalan şəhəri, 26-cı məhəllədə yaşayan qonşularını ev tikmək və övladlarını kollecə qəbul etdirmək bəhanəsi ilə aldadaraq onların külli miqdarda pulunu mənimsəyib.

O, keçmiş qonşusu Günay Vəliyevaya oğlunu kollecə düzəltməyə söz verib və bunun üçün ondan 3200 manat alıb. Həmin məhəllədə yaşayan başqa bir qonşusu Ramidə Əhmədovadan isə 26 min manat alan İradə Qədirli ona ev tikməyə söz verib.

İradə Qədirlinin qurbanları yalnız qadınlar deyil. Etibarının qurbanına çevrilənlər arasında kişilər də var. Anar Həmzəyev də İradəyə ona ev tikməsi üçün 11 min manat həvalə edib. Heydər Tofiq oğlu Muradov və Şura Bağır qızı Muradova da hər biri 51 min manat verərək İradənin onlara ev tikəcəyini gözləyib. Aldadıldıqlarını anlayanda isə çarəni polisə müraciət etməkdə görüb.

O, 178.2.4 və 178.3.2-ci maddələri ilə ittiham edilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İradə Qədirli 9il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: