6 Mart 2015 11:31
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə Gürcüstan vətəndaşının narkotik alveri etməsini araşdırdı

Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan Gürcüstan vətəndaşı Bafalı Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada yolla Azərbaycana gələn Gürcüstan vətəndaşı Bafalı Hüseynov həbs edilib. Ondan külli miqdarda narkotik aşkar olunaraq götürülüb. Müəyyən olunub ki, Bafalı Hüseynov İran ərazisində şəxsiyyəti bəlli olmayan şəxslərlə narkotik satışını təşkil etmək üçün cinayət əlaqəsinə girib. O, İran vətəndaşlarından əldə etdiyi narkotiki Azərbaycana gətirib.

Bafalı Hüseynov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, təkrar törətmə), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Bafalı Hüseynov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Bafalı Hüseynov bildirib ki, 27 fevral 2014-cü ildə İranın Astara şəhərində alver edərkən Nadir adlı iranlı ilə tanış olub: “Bir neçə gün Nadirin evində qonaq qaldım. Həmin günlərdə o, mənə narkotik alveri ilə məşğul olduğunu bildirdi və Bakı şəhərində yaşayan tanışına narkotik aparmağımı təklif etdi. Təkliflə razılaşdım. Nadir yanımda özündəki narkotik vasitələri 3 biskvit məmulatının içərisinə, ketçup məmulatı olan şüşə qablara və sellofan paketə yerləşdirdi. Qabları əl yüklərimin içərisində gizlətdim.

Elə həmin gün, saat 17 radələrində İran sərhədindən keçərək Azərbaycanın Astara Gömrük İdarəsinin sərnişin şöbəsinə daxil oldum. Gömrük əməkdaşı soruşduqda, üzərimdə qanunla qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş malların, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin olmadığını bildirdim. Bundan sonra gömrük əməkdaşları hal şahidlərini dəvət edərək yüklərimə baxış keçirdilər. Bu zaman onlar gizlətdiyim 3 biskvit məmulatının, ketçup qabının içərisində və sellofan paketə yerləşdirilmiş narkotik aşkar etdilər".

Bafalı Hüseynovun sözlərinə görə, həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsində işinə baxılarkən hüquqları kobud şəkildə pozulub. O, bildirib ki, vəkilinin dəfələrlə verdiyi vəsatətlərdə istintaq zamanı hüquqlarının pozulmasını sübut edən əsaslar göstərilməsinə baxmayaraq onlar araşdırılmayıb: “Bu isə beynəlxalq hüquq normalarına ziddir. Birinci məhkumluğum, ailə vəziyyətim, cinayəti bilmədən törətməyim kimi yüngülləşdirici hallar cəza təyin edilərkən nəzərə alınmayıb”.

Bafalı Hüseynov qeyd edib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilməlidir. O, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsini xahiş edib.

Dövlət ittihamçısı Səyavuş Sadıqov deyib ki, Bafalı Hüseynov narkotiki İrandan satmaq üçün gətirib. Məhkumdan götürülmüş heroin və tiryək şəxsi istehlak miqdarından dəfələrlə artıq olub. Dövlət ittihamçısı apelyasiya şikayətində sadalanan yüngülləşdirici halların cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alındığını, həmin halların onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi və Bafalı Hüseynov barəsində çıxarılmış hökmün dəyişdirilməsi üçün əsas olmadığını deyib.

Bafalı Hüseynovun vəkili Pənah Məmmədov bildirib ki, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin tərkibi olmayıb. Vəkilin sözlərinə görə, Bafalı Hüseynovun qaçaqmalçılıq cinayətini iştirakçılıqla törətməsi barədə heç bir sübut yoxdur.

Hakim heyəti sonda Bafalı Hüseynovun apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar açıqlayıb. Qərara görə, onun cəzası 7 ilə endirilib.

Hacı Zeynalov


Müəllif: