7 Mart 2015 19:34
469

Apelyasiya məhkəməsi prokurorluğun protestini təmin etdi

Şəki Apelyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini Yunis Vəliyevin məhkəmə prosesi başa çatıb.

İttihama görə, Yunis Vəliyev 4 mart 2013-cü il tarixdə idarə etdiyi “VAZ 21013” markalı avtomobillə Mingəçevir şəhərində yol hərəkəti qaydasını pozub. Nəticədə onun maşını qarşı tərəfdən gələn Ramil Xudiyevin idarə etdiyi avtobusla toqquşub, avtomobildə olan sərnişin Aynurə Qafarlı xəsarət alıb. Sürücünün həyat yoldaşı olan Aynura Qafarlı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Yunis Vəliyev Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) mаddəsi ilə ittiham edilib.

Cinayət işinə Mingəçevir Şəhər Məhkəməsində baxılıb. Məhkəmə Yunis Vəliyevin əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmadığı nəticəsinə gəlib və onun barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan prokurorluq apelyasiya şikayəti verərək Yunis Vəliyev barəsində ittiham hökmünün çıxarılmasını tələb edib.

Təkrar ekspertiza təyin edilsə də...

Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçən apelyasiya prosesində dövlət ittihamçısı Vidadi Cabbarov bildirib ki, ilkin məhkəmə instansiyası bəraət hökmü çıxararkən Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət etməyib. Məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməyib: “İbtidai istintaq orqanı tərəfindən alınmış məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinə qiymət verərkən göstərilib ki, həmin ekspert rəyinin mənbəyi Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Mahir Orucovun qərarı olub, bu isə istintaqın məlumatları daha obyektiv rəyin verilməsinə kifayət etməyib. Lakin məhkəmə istintaqı zamanı toplanmış və məhkəmənin müəyyən etdiyi “daha mötəbər” məlumatlar əsasında təkrar ekspertiza təyin edilsə də, Yunis Vəliyevin qanunu pozduğu və hadisənin qarşısını almağa texniki imkanının olduğu qənaətinə gəlinib.

Bu dəfə məhkəmə ekspertiza rəyinə qiymət verəndə hesab edib ki, təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası keçirilərkən “Chaolin SLG 6660 CGE” markalı avtobus təmir edildiyi üçün ekspertiza aparılması mümkün olmayıb. Halbuki ekspertin 1 iyul 2014-cü il tarixli 9685 saylı rəyindən və məhkəmə iclasında dindirilmiş ekspert Vüqar Quliyevin ifadəsindən görünür ki, “Chaolin SLG 6660 CGE” markalı avtobusun təmiri bəzi suallara cavab tapmağa imkan verməsə də, ümumilikdə ekspertizanın keçirilməsinə mane olmayıb.

Göründüyü kimi, məhkəmə ziddiyyətli mülahizələrlə hər iki ekspert rəyini əsassız olaraq qəbul etməyib”.
Prokuror çıxışının sonunda Yunis Vəliyevin barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini və ittiham hökmünün çıxarılmasını tələb edib.

“Anam da maşınımda idi”

Prosesdə çıxış edən Yunis Vəliyev irəli sürülən ittihаm üzrə özünü təqsirli bilməyib. O göstərib ki, hadisə baş verən gün arvadı Aynurə Qafarlını müəllim işlədiyi Mingəçevir şəhəri 16 saylı orta məktəbin şəhər stadionunda keçirdiyi tədbirdə iştirak etməsi üçün aparıb. Onun sözlərinə görə, həmin vaxt avtomobildə anası Durna Vəliyeva da olub: “Anamı da iş yerinə düşürəcəkdim. Mingəçevir şəhəri Naxçıvan küçəsi ilə mərkəz istiqamətində saatda 50 kilometr sürətlə hərəkət etməyə başladım. Həmin vaxt Aynurə avtomobildə arxada solda, anam isə arxada sağda əyləşmişdi. Yolun özümə aid hissəsi ilə hərəkət edərək sağa olan yolayrıcına çatmağa təxminən 3-4 metr qalmış bir avtobusun qarşıdan gəldiyini gördüm.

Avtobus özünün hərəkət zolağında olan çaladan yayınaraq yoluma çıxdı. Avtobusun sürətlə hərəkət etdiyini gördüm. Ancaq onun öz yoluna qayıdacağını güman etdim. Toqquşmadan yayınmaq üçün avtomobili yolun sağ kənarına çəkdim. Bu zaman toqquşma baş verdi. Zərbədən maşınım bir qədər geri itələnərək dayandı. Həyat yoldaşımın vəziyyətinin pis olduğunu gördüm.

Onu xəstəxanaya çatdırmaq üçün avtomobili işə salıb şəhərin mərkəzi istiqamətində sürməyə başladım. Bir qədər sonra avtomobil nasaz olduğu üçün xəstəxanaya qədər gedə bilməyəcəyini bildim və avtomobili saxladım. “VAZ 2107” markalı avtomobilin sürücüsü yanımda dayandı, məni və həyat yoldaşımı xəstəxanaya apardı”.

“Hadisənin qarşısını almağa imkanım olmayıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, xəstəxanada Aynurə Qafarlıya tibbi yardım göstərilməsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb: “Arvadımın öldüyünü eşidəndə xəstəxanada dayana bilmədim. İlkin istintaqın gedişindən və gəldiyi nəticədən tamamilə narazı qalmışam. Müstəntiq hadisə yerinə baxışı mənsiz, təkcə mikroavtobusun sürücüsü Ramil Xudiyevin iştirakı ilə keçirib. Avtomobillərin toqquşma yerini Ramil Xudiyev göstərib, bu səbəbdən hadisə yerinin sxemi düzgün tərtib edilməyib. Qəza avtobusun yox, mənim hərəkət etdiyim yolda baş verib”.

Mərhum Aynurə Qafarlının atası Arif Qafarov ifadəsində kürəkənindən şikayətçi olmadığını deyib.
Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, prokurorluğun şikayəti təmin edilib, Mingəçevir Şəhər Məhkəməsinin hökmü ləğv edilib və Yunis Vəliyevin barəsində ittiham hökmü çıxarılıb. Yunis Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək, cəzası şərti hesab edilib.

Həmçinin o, 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: