12 Mart 2015 16:20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürmək, 2 nəfəri yaralamaqda öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü İsmayıl Cəbrayılovvə onun qardaşı Coşqunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin iyulun 24-də Xaçmazda Coşqun Cəbrayılov və onun qardaşı İsmayıl Cəbrayılov münaqişə zəminində həmyerliləri Elşən Əhmədova, Eyvaz Cəbrayılova və Emil İsayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçıblar.

Nəticədə Elşən Əhmədov hadisə yeridə ölüb, Eyvaz Cəbrayılov və Emil İsayev xəstəxanaya yerləşdirilib. Bıçaq xəsarəti alan Eyvaz Cəbrayılov həmin iki qardaşın əmisidir.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində Coşqun və İsmayıl qardaşları saxlanılıb. Məlum olub ki, Elşən Əhmədova bıçaq zərbəsi vuran 27 yaşlı İsmayıl Cəbrayılov olub.

İsmayıl Cəbrayılova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Coşqun və İsmayıl Cəbrayılov qardaşları əvvəllər məhkumluq həyatı yaşayıblar.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 19-a təyin edilib.

Hacı Zeynalov


Müəllif: