12 Mart 2015 16:52

Ali Məhkəmədə Kürdəmir rayonunun Qarasaqqal kənd Bələdiyyəsinin sədri Yengibar Əhmədovun barəsində olan hökmün ləğv edilməsi ilə bağlı Baş Prokurorluğun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun şikayəti üzrə qərar açıqlanıb. Qərara görə, Yengibar Əhmədovun barəsində Şirvan Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün cinayət işinin materialları geri qaytarılıb.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yengibar Əhmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Yengibar Əhmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onun barəsində 2 il sınaq cəzası təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Yengibar Əhmədov 2000-ci ilin yanvar ayından Kürdəmir rayonu Qarasaqqal Bələdiyyəsinin sədri vəzifəsində işləyib. O, bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələrinin əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılan əraziləri həyat yoldaşı Luiza Əhmədovanın adına rəsmiləşdirib. Bələdiyyə sədri 2005-ci ildən başlayaraq örüş sahəsinin 20-30 hektarında özü, həmçinin qeyri-rəsmi olaraq istifadə üçün verdiyi digər ərazilərdə isə həmkəndlisi Xürrəm Dadaşov taxıl əkib. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsindən verilən yardımı mənimsəyib.

O, 2007-ci ildə 400 manat, 2008-ci ildə 800 manat, 2010-cu ildə 200 manat, 2011-ci ildə 244 manat, 2013-cü ildə 1280 manat alıb. Yengibar Əhmədov daha sonra Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə şöbəsinin 16 aprel 2012-ci il tarixli təklifi əsasında həmin örüş sahəsinin icarəyə verilməsi haqqında qəbul olunmuş qanunsuz qərarın ləğvi məsələsinə bələdiyyə iclasında baxılmalı olub. Amma o, həmin məsələyə bələdiyyənin iclasında baxmayaraq 46 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə qərarın ləğv edilməsinə dair tərtib olunmuş 17 aprel 2012-ci il tarixli iclas protokolunu imzalayıb.

Bununla da o, həmin örüş sahəsini bələdiyyənin mülkiyyətinə qaytarmayıb. Yengibar Əhmədov bələdiyyənin sədri işləməklə, eyni zamanda da xəzinədar vəzifəsini yerinə yetirərkən sürücü kimi Tahir Dadaşovla müqavilə bağlayıb. Tahir Dadaşov bələdiyyənin tərkibində sürücü vəzifəsində işləmədiyi halda adına 2011-ci ilin iyun ayında 255, 2012-ci ilin sentyabr ayında 270, dekabr ayında 282, 2013-cü ilin yanvar ayında 100 manat və mart ayında 200 manat rəsmiləşdirilib. Yengibar Əhmədova sürücünün adına yazılmış ümumilikdə 1107 manat əmək haqqını mənimsəyib.

Bundan əlavə, Yengibar Əhmədov qanunsuz olaraq Qarasaqqal kəndində yaşayan Sabir Dadaşov və onun həyat yoldaşı Pakizə Mənəfovadan pul tələb edib.

Hacı Zeynalov


Müəllif: