13 Mart 2015 11:07
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə 12 il əvvəl məşhur iş adamı Knyaz Məmmədovu oğurlayaraq qətlə yetirməkdə ittiham olunan Miryusif Əliyevin məhkəmə qərarından verdiyi kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Miryusif Əliyev bacısının əri Ümid Nəsirov və sabiq polis əməkdaşı Rəşad Novruzovla birlikdə məşhur iş adamı Knyaz Məmmədovu oğurlayıblar. Onlar əvvəlcə iş adamının girovluqdan azad edilməsi üçün 250 min manat tələb ediblər. Lakin Knyaz Məmmədov onu oğurlayan şəxsləri tanıdığından pul almaq planı baş tutmayıb.

Qeyd edək ki, 2003-cü ildə Rəşad Novruzov və Ümid Nəsirov yaxalanıblar, Miryusif Əliyev barəsində həmin ildən axtarış elan olunub. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü ildən axtarışda olan, əvvəllər məhkum olunmuş, Bakı şəhərində qeydiyyatda olan Miryusif Əliyev 2012-ci ilin martında tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Miryusif Əliyev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Miryusif Əliyev apelyasiya şikayətində günahsız olduğunu, Knyaz Məmmədovu qətlə yetirmədiyini qeyd edib və yuxarı instansiya məhkəməsindən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsi Miryusif Əliyevin şikayətini təmin etməyib. Qərardan narazı qalan məhkum kasasiya şikayəti verib. İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə məhkumun kasasiya şikayətinə baxılmasından imtina etməsi məlum olub. Bu səbəbdən də onun şikayəti baxılmadan geri qaytarılıb.

Hacı Zeynalov


Müəllif: