14 Mart 2015 12:27
375

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrup ifşa edilib.

Teleqraf.com-un Region TV-yə istinadən verdiyi məlumata görə, Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən narkotik maddələri keçirən Salyan rayon sakinləri Rövşən Hüseynov və Təlatun Mirzəyev “Mercedes” markalı avtomobillə saxlanılıblar.

Xidmət əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq gözyaşardıcı qazdan istifadə etməklə hadisə yerindən qaçmağa cəhd göstərən şəxslər sərhədçilər tərəfindən yaxalanıblar. Saxlanılan şəxslərin üzərinə baxış keçirilərkən 4 kiloqram tiryək, 4 ədəd mobil telefon, 1 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülüb.

Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 3-cü maddəsi ilə cinayət işi başlanıb, həmin cinayətin iştirakçılarına qeyd olunan maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayəti törədən digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Müəllif: