19 Mart 2015 14:45
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törədən Mehdi Yusifovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin sentyabrın 1-də baş verib.

Abşeron rayonu Novxanı qəsəbəsinin sakini, 32 yaşlı Mehdi Yusifovun marşrut avtobuslarının birində konduktor işləyən Anar adlı şəxslə zarafat etməsi sonda cinayətlə nəticələnib. Bu vaxt həmin konduktorun işlədiyi sərnişin avtobusunun sürücüsü Elçin də söhbətə qarışıb və Mehdiyə onunla zarafat etməsini irad tutub. Bu irad isə Mehdi Yusifovun acığına gəlib. Mehdi özündə olan cib bıçağı ilə Elçinə bir neçə zərbə vurub.

Elçin aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Mehdinin zarafat etdiyi Anar əslində nitqi qüsurludur. Elə zərərçəkmiş Elçinin söhbətə müdaxilə etməsi də bununla bağlı imiş.

Mehdi Yusifov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunub. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Mehdi Yusifov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: