21 Mart 2015 16:55
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamını öldürməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun işinə yenidən baxılacaq.

Bu barədə Teleqraf.com-a Bakı Apelyasiya Məhkəməsindən məlumat verilib.

Qeyd edək ki, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Rövşən Rüstəmov aldığı güllə yarasından ölüb.

Nadir Orucov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Orucov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apelyasiya şikayəti verərək cəzasını yüngülləşdirilməsini istəyib.

Bir müddət əvvəl hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Nadir Orucovun apelyasiya şikayətinə baxılıb və onun şikayəti üzrə qərar elan edilib. Qərara görə, Nadir Orucovun apelyasiya şikayəti təmin edilməyib.

Həmin qərardan Ali Məhkəməyə kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə baxan hakimlər qərarı ləğv edib və işin yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edib.

Nadir Orucovun barəsində olan cinayət işinin materialları apelyasiya instansiyasına göndərilib. Cinayət işi hakim Qədim Babayevin icraatına verilib vəməhkəmə baxışı aprelin 3-nə təyin edilib.

Xatırladaq ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.

Hacı Zeynalov


Müəllif: