20 May 2014 16:12
2 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Qasım Hüseynovun mühakiməsi başlayıb. Qasım Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

İttihama görə, Qasım Hüseynov qeyri-rəsmi yaşadığı Bakı şəhər sakini Gülayə Mustafayevaya qarşı dələduzluq edib. O, Gülayənin 500 min manat dəyərində evini 120 min manata sataraq pulunu mənimsəyib.

Zərərçəkən dələduzluqla üzləşməsi ilə bağlı Səbail Polis İdarəsinin 39-cu bölməsinə şikayət edib. Şikayətdən sonra Qasım Hüseynovun barəsində axtarış elan edilib və o, tutulub.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçən prosesdə Qasım Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, uzun illər tikinti biznesi ilə məşğul olub: “Həmçinin Bakıda mənzil alqı-satqısı sahəsində çalışmışam. Ev almaq, ev kirayələmək istəyən mənə müraciət edib. 2013-cü ilin əvvəllərində işə gedəndə ofisin qarşısında bir qadının dayandığını gördüm. Həmin qadın evini satmaq istəyirdi. Mən də həmin qadınla razılaşdım və o getdi.

Bir neçə gündən sonra adının Gülayə olduğunu bildiyim həmin qadın Ayla və Türkan adlı şəxslərlə ofisə gəldi. Ayla ev almaq istədiyini bildirdi. Bizim şəhərdə satmaq üçün bir neçə mənzilimiz vardı. Həmin vaxt Aylaya bir neçə ev göstərdik. Ayla 238 min manata bir ev bəyəndi və onu almaq istədi. Bununla bağlı razılıq əldə etdik, evi almaq üçün Ayla 20 min manat beh verdi. Bundan sonra Gülayə ilə münasibət qurdum və onunla birlikdə yaşamağa başladım”.

Qasım Hüseynovun sözlərinə görə, həmin ərəfədə Gülayənin nənəsi rəhmətə gedib. Yas mərasimini o, yola verib: “Yasdan sonra münasibətimiz daha da ciddiləşdi. Xeyli borcu olan Gülayə “Tarqovı”dakı evini satıb borclarını qaytarmaq istədiyini söylədi və məndən yardım istədi. Mən də köməklik göstərəcəyimi bildirdim. Evi Emin Gülüşova 110 min manata satmağa razılaşdıq. Həmin pulu Gülayənin borclarına xərcləmişik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət sonra Gülayə ilə münasibətləri gərginləşib və ayrılıblar: “Mən küsüb evdən gedəndən sonra Gülayə 39-cu polis bölməsini şikayət edib. Həmin vaxt məni 39-cu polis bölməsinə çağırdılar. Gülayə də ora gəlmişdi. Polis bölməsində barışdıq və o, şikayətini geri götürdü. Bundan sonra ayrıldıq. Bir neçə aydan sonra 39-cu polis bölməsinin əməkdaşları məni yenidən saxladı”.

Gülayə Mustafayeva təqsirləndirilən şəxsin yalan danışdığını deyib. Onun sözlərinə görə, Qasım Hüseynov bacısı Aylanın 20 min manatını mənimsəyib. Onun etibarından sui-istifadə edərək evini də satıb. “Malakan” bağının yanında olan 500 min manat dəyərində evini cəmi 110 min manata satıb və həmin pulu mənimsəyib.

Gülayə Mustafayeva evsiz qaldığını, yaşamağa yeri olmadığını bildirib. Məhkəmə mayın 21-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: