17 Aprel 2014 15:53
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ali Məhkəmədə “Qarabağ partizanı” kimi tanınan və 2004-cü ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Məmməd Məmmədovun işinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Məmməd Məmmədovun kasasiya şikayəti təmin edilməyib.

Məmməd Məmmədov 2004-cü ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi - red.) qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. “Qarabağ partizanları”nın işini Milli Təhlükəsizlik Nazirliyi araşdırıb.

“Qarabağ partizanları” xüsusi dəstə yaradıblar, silah əldə ediblər və döyüşmək üçün Qarabağa getmək istəyiblər, MTN isə onları həbs edib. Əməliyyatın keçirildiyi Xətai parkında atışma olub. Atışma zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb. Həmin şəxsləri tutublar. Amma Məmməd Məmmədovun işinə ayrıca baxılıb. Çünki həmin qətldə onu günahlandırıblar. Sonradan dəstənin digər üzvlərinin üzərindən mütəşəkkil dəstə yaratmaq ittihamı götürülüb. Yalnız Məmməd Məmmədovun işində bu ittiham saxlanıb.
Avropa İnsan Hüquqları Məhkəməsi Məmməd Məmmədovun şikayətinə baxıb və bununla bağlı qərar verib. Avropa Məhkəməsi hesab edir ki, Ali Məhkəmə Məmməd Məmmədovun işinə baxarkən qanun pozuntusuna yol verib. Çünki prosesdə nə Məmməd Məmmədov, nə də vəkili iştirak edib. Buna görə də Ali Məhkəmə sonda Məmməd Məmmədovun işinin Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasına və yenidən baxılmasına qərar verib. Lakin apelyasiya instansiyasında işə baxan hakimlər şikayəti təmin etməyiblər.

Təranə Məmmədova oğluna köməklik göstərilməsi üçün prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova, baş prokuror Zakir Qaralova, Ali Məhkəmənin sədri Ramiz Zeynalova və Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edib və onlardan həbsdə olan oğluna köməklik göstərmələrini xahiş edir. Təranə Məmmədova onu da əlavə edib ki, Məmməd Məmmədov onu yeganə övladıdır. Onun sözlərinə görə, 10 ildən çoxdur oğlu həbsxanada saxlanılır. O, bu müddət ərzində tənha yaşadığını qeyd edib.

Hacı Zeynalov


Müəllif: