26 May 2014 09:45
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Xaçmazda iki məktəblinin ölümü ilə bağlı rəsmi məlumat açıqlayıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, mayın 24-də, saat 20 radələrində Xaçmaz rayonunun Nabran kəndi yaxınlığındakı meşə massivində Xaçmaz şəhər sakini, 1998-ci il təvəllüdlü Quliyev Vasif Yaşar oğlunun meyitinin ağacdan asılmış vəziyyətdə, təxminən 25 metr aralıda yerdə isə rayonun Hacıqurban-oba kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızının meyiti aşkar olunub.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı hər iki meyitin boyun nahiyyəsində stranqulyasiya şırımları və qollarında kəsilmiş yaralar, hadisə yerində isə butulka şüşəsinin qırılmış hissələri aşkar edilib.

Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. İş üzrə ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

İlkin istintaqla müəyyən edilib ki, V.Quliyev ilə N.Tağıyeva Xaçmaz şəhəri 2 saylı tam orta məktəbdə paralel siniflərdə təhsil almaqla son bir ildə bir-birilərini seviblər. Lakin 2 ay əvvəl N.Tağıyeva Ukraynada yaşayan qohumuna nişanlandığından son günlərdə onların hər ikisi intihar etmək barədə sinif yoldaşlarına bu barədə bildiriblər. Hadisədən bir neçə saat əvvəl V.Quliyev və N.Tağıyeva sonuncunun sinif yoldaşı Amin Əlipaşayevlə qeyd edilən meşə massivinə gediblər. Özlərini intihar etmək üçün qollarını şüşə parçası ilə kəsən zaman yanlarında olan A.Əlipaşayev onları bu hərəkətdən daşındırmaq məqsədilə o da öz növbəsində qoluna xəsarət yetirib. Lakin V.Quliyev və N.Tağıyeva aldadaraq onu evlərinə yola salıb və bundan sonra qəti olaraq intihar yoluna əl atıblar.

İlkin fərziyyəyə görə V.Quliyev özündə olan bel kəməri ilə əvvəlcə N.Tağıyevanı boğaraq qəsdən öldürüb, daha sonra isə həmin kəmərlə özünü ağacdan asaraq intihar edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: