1 İyul 2015 13:51
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə iki polis əməkdaşına müqavimət göstərən şəxsin cəzasını yüngülləşdirdi

Şəki Apelyasiya Məhkəməsində xuliqanlıqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunan Ağdaş rayon sakini, 1963-cü il təvəllüdlü Mürşüd Hümmətovun apelyasiya prosesi başa çatıb.

İttihama görə, daxil olmuş şikayət ərizəsi ilə əlaqədar Mürşüd Hümmətovun polis şöbəsinə dəvət edilməsi üçün onun Kükəl kəndindəki evinə 27 noyabr 2014-cü il tarixdə, saat 13.00-da sahə inspektoru, polis kapitanı Bəxtiyar Həşimov, Post Patrul Xidməti Taborunun manqa komandiri, polis baş serjantı Cəsarət Əhmədov, polis baş serjantı Namiq Yusubov, polis kiçik serjantı Məhəmməd Həbilov gəliblər.

Bəxtiyar Həşimov Mürşüdün həyətinə daxil olmadan küçədə giriş qapısının qarşısında onu səsləyib.
Ev yiyəsi giriş qapısının qarşısındakı küçəyə çıxaraq sərxoş vəziyyətdə ucadan söyüşlər söyüb, səs-küy salıb. Polis əməkdaşları onu sakitləşdirməyə çalışıblar. Buna baxmayaraq, Bəxtiyar Həşimov Namiq Yusubov və Cəsarət Əhmədovu vuraraq onlara xəsarət yetirib.

Mürşüd Hümmətov barəsində tədbir görülməsi üçün “FiatDoblo” markalı xidməti avtomobilə əyləşdirilib.

4 il cəza

Mürşüd Hümmətov Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) və 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya hədələmə) maddələri ilə ittiham edilib.

Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Mürşüd Hümmətov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Mürşüd Hümmətovun vəkili Etibar Abdullayev apelyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəza təyin edilməsini xahiş edib.

“Polis bildirdi ki, gəl maşına otur, şöbəyə gedək”

Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən apelyasiya prosesində Mürşüd Hümmətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, noyabrın 27-də, saat 13.00 radələrində sərxoş vəziyyətdə evdə yatıb: “Bu zaman həyat yoldaşım məni yuxudan oyatdı və polis əməkdaşlarının məni çağırdığını bildirdi. Evdən çıxdım, giriş qapısında bir neçə polis əməkdaşını gördüm. Polislərdən biri bildirdi ki, gəl maşına otur, şöbəyə gedək, barəndə şikayət var, şəxsiyyət vəsiqəni ver. Onlara heç bir yerə getməyəcəyimi bildirdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, polis əməkdaşları ilə arasında mübahisə düşüb: “Həmin vaxt polislərdən biri məni təpiklə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Məni vurduqlarına görə onlarla tutaşdım, əlimlə müqavimət göstərdim. Lakin heç kimə xəsarət yetirməmişəm.

Həmin vaxt bərk sərxoş olduğumdan kənarda polis əməkdaşlarından başqa kiminsə olduğunu xatırlamıram. Daha sonra polislər məni orada olan xidməti maşına əyləşdirərək şöbəyə gətirdilər. Hazırda etdiyim əmələ görə səmimi peşmançılıq hissi keçirirəm, polislərdən üzr istəyirəm, bağışlanmağımı xahiş edirəm. Mən əsəb xəstəsiyəm. Bu səbəbdən də spirtli içki qəbul etdikdə bir qədər də aqressivləşirəm. Bəlkə də həmin vaxt sərxoş olduğumu nəzərə alaraq məni polis şöbəsinə aparmasaydılar, belə bir hadisə də baş verməzdi".

“Cəzamın yüngülləşdirilməsini xahiş edirəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, ailəlidir, iki uşağı var: “Həyat yoldaşım ağır xəstədir. Buna görə də ailənin yeganə qazanc gətirəni mənəm. Uzun müddət həbsdə qalmağım himayəmdə olan ailənin həyat şəraitinə mənfi təsir göstərəcək. Ona görə də göstərilənləri nəzərə alaraq cəzamın qismən də olsa, yüngülləşdirilməsini xahiş edirəm”.

Zərərçəkmiş Cəsarət Əhmədov bildirib ki, noyabrın 27-də rayon polis şöbəsində xidmətdə olan zaman sahə inspektoru Bəxtiyar Həşimovun icraatındakı Kükəl kənd sakini Mürşüd Hümmətov barəsində şikayət ərizəsi olduğu, həmin şəxsin aqressivliyi və əvvəllər də məhkumluq həyatı yaşadığına görə birlikdə gedib onu polis şöbəsinə dəvət eləməli olublar: “Polis nəfəri Namiq Yusubov, sürücü Məhəmməd Həbilov və sahə inspektoru Bəxtiyar Həşimovla birlikdə Mürşüd Hümmətovun yaşadığı evə yollandıq. Ünvana çatdıqdan sonra evə daxil olmadıq, həyət qapısından çöldə Bəxtiyar Həşimov Mürşüd Hümmətovu səsləyərək çağırdı.

Mürşüdü əvvəldən tanımamışam, onunla hər hansı ədavət və düşmənçiliyim olmayıb. Mürşüd Hümmətov qapıdan küçəyə çıxan kimi soruşdu ki, bura niyə gəlmisiniz, nə işiniz var? O, ucadan nalayiq sözlər dedi. Onun hərəkətlərindən sərxoşluğu hiss olundu.

Bəxtiyar Həşimov Mürşüdə rayon polis şöbəsindən gəldiyimizi, barəsində şikayət olunduğunu söylədi və onu sakitləşdirərək nizam-intizama dəvət etdi".

“Paqonumuza əl atdı”

Cəsarət Əhmədovun sözlərinə görə, Mürşüd Hümmətov onlara deyib ki, sizinlə getmirəm, gedin işinizlə məşğul olun: “O, ucadan bizi söydü, tələbimizə tabe olmayaraq bir daha nalayiq sözlər işlətdi. Üstümüzə hücum edərək əli ilə və təpiklə bizə zərbələr atmağa başladı. Mürşüd Hümmətovun söyüşlərini kənd sakinləri də eşidib hadisə yerinə gəldilər. O, əli ilə Namiqin formasının paqonlarını və sağ cibini dartaraq cırdı, mənim sol əlimə xəsarət yetirdi.

Sonra Mürşüd Hümmətovu götürərək barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirdik. O, nisbətən sakitləşərək avtomobilə əyləşdi, ancaq yolda maşında yenidən müqavimət göstərməyə başlayaraq nalayiq sözlər dedi. Həmin vaxt yenə də o, Namiqə müqavimət göstərərək formasının cibini cırdı".

Zərərçəkmişlər - Cəsarət Əhmədov və Namiq Yusubov müdafiə tərəfinin apelyasiya şikayətinin təmin edilməməsini xahiş ediblər.

Dövlət ittihamçısı Rəhim Xudiyev bildirib ki, hökm qanuni və əsaslı, təyin edilmiş cəza isə ədalətli olub. O, Ağdaş Rayon Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını istəyib.

Cəza yüngülləşdirildi

Mürşüd Hümmətovun vəkili Etibar Abdullayev çıxışında bildirib ki, müdafiə etdiyi şəxs barəsində təyin edilmiş cəza yüngülləşdirilməlidir: “Məhkəmənin hökmündə Mürşüd Hümmətovun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməyib. Hesab edirəm ki, məhkəmə Mürşüd Hümmətovun cinayət əməllərini etiraf edib, səmimi peşmançılıq bildirməsini, ağır ailə şəraitində yaşamasını, himayəsində heç bir yerdə işləməyən xəstə həyat yoldaşının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini nəzərə almalıdır.

Birinci instansiya məhkəməsi isə hökmdə yüngülləşdirilən halların nəzərə aldığını göstərsə də, əslində ona sərtliyinə görə açıq-aydın ədalətsiz cəza təyin edib. Digər tərəfdən verilmiş ittihama görə Mürşüd Hümmətovun şöbəyə dəvət edilməsi üçün 4 nəfər polis əməkdaşının onun yaşadığı evə getməsi sübutlarla təsdiq edilmir.

Polis əməkdaşlarının verdiyi ziddiyyətli ifadələrdən görünür ki, onlar Mürşüd Hümmətovu şöbəyə dəvət etmək üçün deyil, gətirməyə gediblər. Belə olan vəziyyətdə məcburi gətirilmə haqqında qərar qəbul olmadan rəhbərliyin tapşırığı ilə polisin hərəkət etməsi qanunvericiliyə uyğun deyil. Əgər polis həqiqətən Mürşüd Hümmətovu dəvət etmək üçün onun yaşadığı evə gedirdisə, bunun üçün bir polis əməkdaşı yetərli idi. Mürşüd Hümmətovun evinə 4 polis əməkdaşının getməsi isə onun polisə dəvət edilməsi məqsədinin olmadığını təsdiq edir".

Tərəfləri dinləyən hakim heyəti sonda müdafiə tərəfinin apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərar elan edib. Qərara görə, Mürşüd Hümmətovun cəzası 2 il 6 aya endirilib.

Hacı Zeynalov


Müəllif: