1 İyul 2015 17:04
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda hüquq-mühafizə orqanlarına işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü Yaşar Sərdar oğlu Həbibov axtarışa verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin internet səhifəsində yer alıb.

Məlumata görə, Yaşar Həbibov bu ilin mayın 21-də, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə axtarışa verilib.

Qeyd edək ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin şəxsi heyət üzrə rəis köməkçisi işləmiş Novruz Mikayılov oğlunu hüquq-mühafizə orqanlarında işə düzəltmək məqsədilə Yaşar Sərdar oğlu Həbibovla razılığa gəlib.

Həmin şəxsə 16 min manat pul verən rəis müavini bir neçə ay gözləyəndən sonra oğlunun işə düzəlmə məsələsinin alınmadığını görüb. Bu səbəbdən Novruz Mikayılov Yaşar Həbibovun qanunsuz əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra sabiq rəis köməkçisinin 8 min manat pulu Yaşar Həbibov tərəfindən geri qaytarılıb.

Qeyd edək ki, Novruz Mikayılov 2008-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından xaric olunub, yəni yaş həddinə görə pensiyaya göndərilib.

Hacı Zeynalov


Müəllif: