2 İyul 2015 13:59

Məhkəmə Nabrandan istirahətdən qayıdarkən qəza törədən gənci cəzalandırdı

Sumqayıt Apelyasiya Məhkəməsində dəhşətli yol qəzası törətməkdə təqsirli bilinən Ucar rayon sakini, 1987-ci il təvəllüdlü Zaur Bəndalıyevdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Zaur Bəndalıyev "BMW 523" markalı avtomobillə Xaçmaz rayonunun Nabran qəsəbəsindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Quba-Dağıstan sərhədi yolunun Dəvəçi rayonunun Gəndov kəndi ərazisindən keçən hissəsində yol hərəkəti qaydasını pozub. O, Səidə Hacıyevanın sürdüyü "Peugeot 407" markalı avtomobillə ötüşüb.

Nəticədə Zaur Bəndalıyev idarəetməni itirib və avtomobili körpünün Xaçmaz rayonu istiqamətində olan birinci dirəyə çırpıb. "BMW"də olan sərnişinlər - Əli Aşirov, Samir Məmmədov ölüblər.

Hadisənin törədilməsində günahkar bilinən də, vəfat edənlər də Nabrandan istirahətdən qayıdarkən baş verib.

6 il əvvəl baş verən qəza

Qeyd edək ki, hadisə 2009-cu ilin iyulun 12-də baş verib. Zaur Bəndalıyev 2010-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib. O, həmin il Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkətinin pozulması nəticəsində ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib. Məhkəmə onun barəsində 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası çıxarıb.

Amma hadisə zamanı sarsıntı keçirdiyi üçün cəza təxirə salınıb və sürücünün Səhiyyə Nazirliyi 1 saylı Psixiatriya Xəstəxanasında müalicə alması barədə qərar qəbul edilib.

2013-cü ilin sonlarında Zaur Bəndalıyev sağalıb, onun barəsində istintaq hərəkətləri aparılıb və cinayət işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə onun Səhiyyə Nazirliyi 1 saylı Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicədə olduğu 1 il 4 ay 3 gün müddəti əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 7 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Cəzanı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkməsi qərara alınıb.

Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərər çəkmiş Samir Məmmədovun hüquqi varisi İradə Məmmədova və onun nümayəndəsi Samir İsayev apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2014-cü il tarixli hökmünün ləğv edilməsini, Zaur Bəndalıyevə ədalətli cəza təyin edilməklə, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən edən yeni hökmün çıxarılmasını xahiş ediblər.

Nümayəndə: "Hökm ədalətsizdir"

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə Samir İsayev bildirib ki, birinci instansiya məhkəməsinin hökmü ədalətsizdir. Onun sözlərinə görə, birinci instansiya məhkəməsi Zair Bəndalıyevə cəza təyin edərkən əsassız olaraq hadisənin baş verdiyi gündən 5 ildən artıq vaxt keçməsini, zərərçəkmiş şəxslərlə razılıq əldə olunmasına cəhd etməsini və vurulmuş ziyanın ödənilməsini nəzərə alıb: "Bu hallar törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaltmır, zərərçəkmiş şəxslərin hüquqi varislərinin təqsirləndirilən şəxslə razılıq əldə etmək və ya buna cəhd etməkdə iştirak etmək hüququ yoxdur.

Zərərçəkmiş şəxslərin ölümü ilə əlaqədar zərər həyatın itirilməsində ifadə olunur. Bu zərərin necə ödənildiyi hökmdə müəyyən olunmur. İki nəfərin ölümünə görə məhkəmənin 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməsi cinayətin və onu törədən şəxsin ictimai təhlükəlilik dərəcəsinə adekvat deyil".

"Səidə Hacıyevaya çatmaq üçün sürəti artırdım"

Zaur Bəndalıyev ifadəsində göstərib ki, Samir Məmmədov və digər şəxslərlə birlikdə Nabrandan istirahətdən çıxıblar və Nabrandan Bakıya yola düşüblər: "Səidə Hacıyevanın idarə etdiyi maşına çatmaq üçün surəti 120-yə qədər artırdım. Gəndov körpüsünə çatmamış qabağımda hərəkət edən avtomobil yolun sağ tərəfinə çıxaraq toz qaldırdığına görə arxa oturacağında oturan Əli Aşirov bildirdi ki, bu bizi toza bürüdü, sən bu maşını niyə keçmirsən? Əli qəflətən əl ataraq idarə etdiyim avtomobilin sükanını sola burdu. Bu zaman maşının idarəetməsini itirdim və avtomaşının yan tərəfi körpüyə dəydi".

Şahid qismində dindirilmiş Səidə Hacıyevanın sözlərinə görə, Zaur Bəndalıyev onun avtomobilini soldan ötüb və sağa keçib: "Bundan sonra toz qalxdı və gurultu səsi gəldi. Hadisədən sonra yolun kənarında "Mercedes Benz" markalı avtomaşının dayandığını gördüm".

Həmin vaxt Səidə Hacıyevanın avtomobilində olan Fidan Hacıyeva da eyni məzmunda ifadə verib. O, Səidə Hacıyevanın dediklərini təsdiqləyib.

Məhkəmə tərəflərin fikirlərini öyrənəndən sonra qərar elan edilib və Zaur Bəndalıyevin cəzası 3 il 4 ay 29 gün müddətinə endirilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...