3 İyul 2015 11:35

Ali Məhkəmədə Ucar rayon sakini, 1963-cü il təvəllüdlü Mirbala Fərzəliyevin cinayət işi üzrə kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Mirbala Fərzəliyev qonşusu Samirə Qafarovanı (ad şərti verilib-H.Z.) onunla cinsi əlaqədə olması üçün şantaj edib.

Samirə Qafarovanın əri Bəxtiyarın Mirbala Fərzəliyevə borcu olub. Mirbala 15 yanvar 2013-cü il tarixdə notarial qaydada Bəxtiyar Qafarova 6000 manat borc verib. Lakin maddi imkanı olmayan Bəxtiyar borcunu qaytara bilməyib. Samirə Qafarovanın maddi asıllığının yaranmasından istifadə edən Mirbala Fərzəliyev onunla cinsi əlaqəyə girəcəyi təqdirdə pul borcunu siləcəyini bildirib.

Mirbala əks təqdirdə borcun ödənilmədiyinə görə Samirənin ərini məhkəməyə verib və həbs etdirəcəyini qeyd edib. Bu səbəbdən də Samirə Qafarova Mirbala Fərzəliyevlə cinsi əlaqəyə girməyə məcbur olub.

Bundan başqa, Mirbala Fərzəliyev polis əməkdaşlarına qarşı zorakılıq göstərməkdə də təqsirli bilinib. O, 20 sentyabr 2013-cü il tarixdə, saat 09.00 radələrində özünə məxsus “Nissan” markalı minik avtomobili ilə Ucar şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etməyib. Bu səbəbdən də onu həmin ərazidə xidmət aparan Ucar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı Xəyal Əzizov saxlayıb.

Polis əməkdaşı Mirbaladan sənədləri təqdim etməsini istəyərkən zorakılıqla üzləşib. Mirbala polis əməkdaşının köynəyini cırıb. Daha sonra o, polis əməkdaşına yumruq zərbəsi vuraraq xəsarət yetirib.


Bundan sonra Ucar Rayon Polis Şöbəsinə gətirilən Mirbala Fərzəliyev şöbənin inzibati binasında ictima qaydanı pozaraq xuliqanlıq edib. O, şöbədə olan polis əməkdaşlarını söyüb, növbətçi hissəsində olan əmlakı zədələyib. Həmin vaxt içtimai qayda pozuntusunun qarşısını alan polis əməkdaşı Mürvət Zeynalovu söyərək təhqir edib. O, polis əməkdaşının xidməti geyim forması olan köynəyindəki paqonunu qoparıb, növbətçi hissədə olan stolun üstündəki külqabını silah qismində istifadə edərək Mürvət Zeynalovun sol qoluna vurub.

Mirbala Fərzəliyev Cinayət Məcəlləsinin 151-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə), 221.3-cü (xuliqanlıq) və 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə ittiham edilib.

Ucar Rayon Məhkəməsinin hökmü ilə Mirbala Fərzəliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mirbala Fərzəliyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Mirbala Fərzəliyevin cəzası 3 il 11 ay 3 gün müddətinə endirilib.

Mirbala Fərzəliyev Şirvan Apelyasiya Məhkəməsinin qərarından da narazı qalıb və Ali Məhkəməyə kasasiya şikayəti verib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Mirbala Fərzəliyevin kasasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...