6 İyul 2015 17:23
2 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov, Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev ittiham aktını elan edib. Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov özlərini ittiham üzrə qismən təqsirli biliblər. Kamran Əzizov və Tural Məmmədov isə özlərini təqsirli bilməyiblər.

Sərbəst ifadəsində Elşən Qurbanlı bildirib ki, 2012-ci ildən namaz qılmağa başlayıb. Əvvəlcə şiə məzhəbi, daha sonra əhli-sünnə məzhəbi üzrə namaz qılıb: “Əhli-sünnə kimi namaz qılanda evdə söz-söhbət yarandı. Sonra saqqal saxlamağa başladım, evdən getmək qərarına gəldim. Rahat, şəriət dini üzrə yaşamaq üçün yollar axtarırdım. Bir tanışım Suriyaya getməyi təklif etdi, orada şəriət ölkəsi olaraq rahat yaşamağın mümkün olduğunu bildirdi. Mənə oradan Abuzər adlı şəxsin telefon nömrəsini verdi. Həmin şəxslə əlaqə saxladım. O mənə dedi ki, burada şəriət dini üzrə yaşamaq olar. Hətta məni şəriət qanunları ilə evləndirməyi də söz verdilər. Mən də onlara inanaraq həmin ölkəyə getməyi qərara aldım. Azərbaycandan Türkiyəyə getdim. Əvvəlcə İstanbul, sonra isə Qaziantepə gedərək qaçaq yolla Suriya ərazisinə keçdim”.

“Fikirləşdim ki, məni həbs edəcəklər”

Elşən Qurbanlının sözlərinə görə, Raqqa şəhərində 18 gün qalıb və bu müddət ərzində onun pasportunu, mobil telefonunun əlindən alıblar: “Bizi orada bir düşərgəyə apardılar və təlim keçməyə başladılar. Təlimlərdə əsasən bizə silah tutmağı öyrədirdilər. Daha sonra məni azərbaycanlının rəhbərlik etdiyi camaata qoşdular, həmin camaatın tərkibində vuruşmağa məcbur etməyə başladılar.

Suriyanın istədiyimiz kimi olmadığını gördüm, burdan getmək qərarına gəldim. Amma həmin vaxt vuruşmaqdan imtina edən tunislinin həbs etdilər və işgəncə verməyə başladılar. Buna görə də qorxuya düşdüm və camaatdan ayrılmaq istəyimi üzə vurmadım. Fikirləşdim ki, məni də həbsə atacaqlar, zülm edəcəklər”.

“Partlayışda yaralandım”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onlara İraq ərazisinə keçmək və orada vuruşmaq əmri verilib: “Mən imtina etdim. Əmir Xəttab dedi ki, orada döyüşlərdə iştirak etmə, amma yaralılara kömək üçün ora getmək lazımdı. Mən də yaralılara kömək göstərməkdən ötrü İraqa getdim. Biz iki avtobusda yola düşdük. Yolda xəbərim olmadan arxa avtobusda partlayış baş verdi, mən də yaralandım. Bizi xəstəxanaya apardılar. Əmir Xəttab xəstəxanada dedi ki, burada qalmaq olmaz, yenidən Suriyaya dönmək lazımdı. Suriyaya qayıtdıq”.

Elşən Qurbanlı daha sonra qeyd edib ki, mobil telefon vasitəsi ilə valideynləri ilə əlaqə saxlayıb və Suriyaya getməsindən peşman olduğunu, Azərbaycana qayıtmaq istədiyini bildirib: “Atam dedi ki, qardaşımı sənin gətirmək üçün Türkiyəyə göndərirəm, sən də Türkiyəyə gəl. Birtəhər Türkiyənin Qazentəp şəhərinə gəldim. Orada qardaşımla görüşdüm və birlikdə Azərbaycana qayıtdım. Aeroportda məni Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs etdilər”.

Prokurorun suallarına cavab verən Elşən Qurbanlı qeyd edib ki, Suriyada düşərgədə olan zaman təqsirləndirilən şəxslərdən yalnız Bəhruz Rəsulovu görüb. Onun sözlərinə görə, Suriyada olandan bir ay sonra ona telefon verilib: “Telefon əlimə keçən zaman valideynlərimlə əlaqə saxladım, onlara Suriyada olduğumu demədim. Çünki onların narahat olmasını istəmirdim. Qardaşımla tez-tez əlaqə saxlayırdım, ona Suriyadan şəkil də göndərmişəm. Ona demişəm ki, bizim məqsədimiz yerli sakinlərə kömək etməkdir”.

“İŞİD-də döyüşməyə getməmişəm”

Elşən Qurbanlı qeyd edib ki, ona hər ay pul verilməyib. Yalnız Ramazan bayramında 50 dollar alıb: “Mən Suriyada gedəndə məqsədim heç kimin müdaxiləsi olmadan namaz qılmaq, ibadət etmək, müdaxiləsiz, maneəsiz saqqal saxlamaq olub. Bu istəklə Suriya ərazisinə getmişəm, amma orada istəyimizin əksi ilə qarşılaşmışıq. Buna görə də peşman olmuşam və geri qayıtmışam. Əgər silahdan istifadə etmək niyyətim olsaydı, daha niyə geri qayıdırdım, orada qalardım... Mən Suriyaya İŞİD-də döyüşməyə getməmişəm. Yanğınlar törətmək barədə təlimlərdə də iştirak etməmişəm”.

Prokuror Elşən Qurbanlının istintaqa verdiyi ifadəsində olan bəzi ziddiyyətli hissələri açıqlayıb. O, istintaqa verdiyi ifadəsində göstərib ki, İŞİD-də döyüşdüyü üçün hər ay 100, Ramazan bayramında isə 50 dollar alıb. O, hər ay 100 dollar alması ilə bağlı ifadəsini təsdiq etməyib.

“Məni silahdan istifadəyə məcbur etdilər”

Daha sonra ifadə verən Bəhruz Rəsulov bildirib ki, 2014-cü ildə Türkiyə ərazisində Suriyaya keçib. Onun sözlərinə görə, həyat yoldaşı Nazilə Rəsulova ilə birlikdə Suriyanın Raqqa şəhərinə gedib: “Orada qadınlarla kişilər ayrı-ayrı düşərgələrdə qalırdılar. Həyat yoldaşım Raqqa şəhərində olan düşərgədə qaldı, məni isə başqa şəhərə apardılar. Həmin şəhərdə məni silahdan istifadə etməyə məcbur etdilər.

Belə olan halda geri qayıtmaq barədə düşündüm. Amma mən bunu açıq demədim. Çünki geri qayıtmaq istəyimi bildikləri halda mənə işgəncə verəcəkdilər. Bir neçə gün düşərgədə qaldıqdan sonra xəstələndim. Xəstəliyimi bəhanə edərək həyat yoldaşımın olduğu düşərgəyə qayıtdım. Azərbaycana qayıtmaq üçün yollar axtarmağa başladım. Ərəb dilini bilmirdik, yolları da yaxşı tanımırdıq. Qayıtmaq elə də asan deyildi. Bir neçə gündən sonra türkiyəli bir nəfərin vasitəsi ilə Suriyadan çıxdım, Türkiyənin ərazisinə keçdim və Azərbaycana qayıtdım”.

Prokurorun suallarına cavab verən Bəhruz Rəsulov qeyd edib ki, Suriyaya Abuzər adlı şəxs vasitəsi ilə gedib, Ən-Nüsrə cəbhəsində olub: “Suriyada olduğum 4 ay ərzində məni cəmi bir dəfə pul veriblər. Bu da Ramazan bayramı ərəfəsində olub. Suriyaya getməyimə görə peşman olmuşam”.

Nadir Əlixanov da şəriət qanunları ilə yaşamaq məqsədilə Suriyaya getdiyini deyib. O, bildirib ki, Suriyaya həyat yoldaşı və 3 azyaşlı uşağı ilə birlikdə gedib. Onun sözlərinə görə, Suriyada İŞİD-ə qoşulmaq niyyəti olmayıb. Həbslə hədələnib və buna görə təlimlərdə iştirak edib: “Pasportumu və telefonumu əlimdən aldılar. Orada dini təlimlərdə iştirak edirdik”.

“Biz ətir alveri edirik”

Nadir Əlixanov deyib ki, Suriyada cəmi 2 ay qalıb: “Həyat yoldaşımla mənə 50 dollar, 3 azyaşlı uşağımın hər birinə isə 35 dollar veriblər. Bizə əvvəlcə ərzaq verirdilər. Amma onların istəyi ilə hərəkət etmədiyimiz üçün ərzağı kəsdilər”.

Daha sonra Tural Məmmədov və onun biznes şəriki Kamran Əzizov ifadə veriblər. Onlar qeyd ediblər ki, uzun müddət Türkiyədə ətir satışı ilə məşğul olublar. Suriyaya döyüşmək məqsədilə yox, yağlı ətir gətirməyə gediblər.

Tural Məmmədov bildirib ki, Suriyadan aldığı yağlı ətirləri Türkiyədə, Gürcüstanda, Rusiyada satıb. Sumqayıt şəhərində də mağazası olub və orada ətir satıb: “Axırıncı dəfə Suriyanın türkmənlər olan kəndə gedəndə döyüşmüşəm. Orada ermənilərə qarşı döyüşmüşük. Ermənilər türkmən dostlarımızı incidib, biz də onlara qarşı vuruşmuşuq. Biz həmişə orada türkmənlərə ünsiyyətdə olmuşuq”.

Hakim şahidi niyə tənqid etdi?

Şahid qismində ifadə verən Nazilə Rəsulova deyib ki, təqsirləndirilən Bəhruz Rəsulovun həyat yoldaşıdır. Hakim bildirib ki, qanunvericilikdə yaxın qohumun işi üzrə ifadə verməkdən şahid imtina edə bilər. Hakim diqqətə çatdırıb ki, şahid məhkəmədə bu hüququndan istifadə edə bilər.

Nazilə Rəsulova ifadə verməkdən imtina edib.

Təqsirləndirilən Elşən Qurbanlının atası Əbülfət Qurbanov şahid qismində ifadə verməsi üçün məhkəmə zalına dəvət edilib. O, bildirib ki, oğlu əvvəlcə şiə, sonra əhli-sünnə məzhəbi üzrə namaz qılmağa başlayıb: “Buna görə də oğlumla tez-tez mübahisə etmişik. Bu mübahisələrdən oğlum əsəbi olmağa başladı”.

Bu zaman hakim Əfqan Hacıyev şahidi tənqid etməyə başlayıb: “Övlada düzgün tərbiyə etməmisiz. Bu gün də vəziyyət belə gəlib. Şiə və yaxud əhli-sünnə namazı qılmağın nə əhəmiyyəti var? Hər iki məzhəbdə Allaha ibadət edilir, Allah birdir. Namazı dəyişdiyi üçün mübahisə etmək tərbiyə məqsədi daşımır. Bunlar da bizim övladlarımızdır. Bizim də ürəyimiz ağrıyır. Valideynin düzgün tərbiyə etməməsi nəticəsində belə vəziyyət yaranıb. Din də bir elmdir. Övladla elmi mövzuda söhbət etmək, tərbiyləndirmək lazımdır”.

Əbülfət Qurbanlı hakimin iradlarını qəbul edərək qeyd edib ki, ara söhbətlərindən oğlunun Suriyada cihada qoşulduğun eşidib. Daha sonra Elşən Qurbanlının qardaşı Rövşən Qurbanlı ifadə verib. O, qeyd edib ki, qardaşı ilə əlaqə saxlayıb və qardaşı Suriyaya getdiyi üçün peşman olduğunu, geri qayıtmaq istədiyini bildirib: “Mən də əmimlə birlikdə onu gətirmək üçün Türkiyənin Qazentəp şəhərinə gəldik. Orada Elşəni götürərək geri qayıtdıq. Qardaşımı döyüşə, təxribata çəkiblər. Bundan imtina etdiyi üçün geri qayıdıb. Qardaşım Azərbaycan vətəndaşıdır. Bir düşünülməmiş hərəkət edib. İndi yıxılanın əlindən tutub qaldırmaq lazımdır. Qardaşıma kömək etməyinizi xahiş edirəm”.

Məhkəmə iclası iyulun 13-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif: