13 İyul 2015 17:25

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirli bilinən Sumqayıt şəhər sakini Mirhüseyn Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mirhüseyn Bağırov ötən ilin dekabrın 17-də istintaqa məlum olmayan mənbədən külli miqdarda heroin əldə edib. O, narkotik vasitəni Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən “Babək” marketin yanında daşın altında gizlədib.

Mirhüseyn Bağırov bu ilin fevralın 15-də həmin narkotik vasitəni şərti alıcıya satmaq istəyərkən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Bölməsinin Sumqayıt regional şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.

Mirhüseyn Bağırov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda olan narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddəsi ilə ittiham edilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Mirhüseyn Bağırov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...