15 İyul 2015 10:25
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Lənkəran Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.


Teleqraf.com xəbər verir ki, Qorxmaz Ağayev Lənkəran Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru əvəzi vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərini aşıb. 2013-cü il aprel ayının əvvəllərində universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Kamil Mirzəzadə xəstəliyi ilə bağlı akademik məzuniyyət almaq üçün Qorxmaz Ağayevə müraciət edib. Prorektor məzuniyyətə görə ondan 500 manat pul istəyib.

O, aprelin 15-də, saat 16 radələrində universitetin inzibati binasındakı xidməti otağında tələbədən 400 manat rüşvət alarkən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, həbs olunan zaman aldığı pulu udmaq istəyib. Amma uda bilmədiyi üçün pəncərədən uşağı tüpürüb.

Qorxmaz Ağayev Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qorxmaz Ağayev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apelyasiya Məhkəməsinin Hakim heyəti sonda Qorxmaz Ağayevin apelyasiya şikayətinin qismən təmin edilməsi barədə qərarı açıqlayıb. Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 311.1-ci maddəsi 178.2.3-cü (dələduzluq) maddəsinə tövsf edilib və cəza 3 ilə endirilib.

Məhkəmənin qərarından Baş Prokurorluq narazı qalıb və Ali Məhkəməyə kasasiya şikayəti verib. Prokurorluq Qorxmaz Ağayevin cəzasının sərtləşdirilməsini istəyib. Prokurorluğunun protestinə Ali Məhkəmədə, hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılıb və protest təmin edilib. Məhkəmə qərarına görə, Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və cinayət işi yenidən araşdırılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və daha sonra apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı avqustun 7-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: