15 İyul 2015 18:59

Ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Şəki sakini, 1984-cü il təvəllüdlü Vüsal Mənəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, hadisə 4 oktyabr 2014-cü il tarixdə, gecə saat 02.30-da Muğanlı-İsmayıllı yolunun Basqal kəndi ərazisindən keçən 25-ci kilometrində baş verib.

Vüsal Mənəfov idarə etdiyi “Ford Transit” markalı avtomobillə Muğanlı istiqamətində hərəkət edərkən idarəetməni itirib və avtomobili yolun sol kənarında olan dərəyə aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər Pünhanə Aslanlı, Elşən Mürşüdov ölüb, Sahib Nurəhmədov, Lalə Bəylərova, Nihayət Mustafayeva və Fəridə Məhərrəmova xəsarət alıblar.

İstintaq araşdırması zamanı yol qəzasının törədilməsində Vüsal Mənəfov təqsirli bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mənəfov 7 il müddətinə azadlıqdan məhrum edilib və barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, o, məhkəmə zalından həbs olunub.

“Atı vurmamaq üçün sükanı sağa döndərdim”

Hökmdən narazı qalan Vüsal Mənəfov apelyasiya şikayəti verərək daha yüngül cəzanın verilməsini, həmçinin cəzasını məntəqə tipli müəssisədə çəkməsini xahiş edib. Baş Prokurorluq isə apelyasiya protesti verərək Vüsal Mənəfova daha ağır cəza istəyib. Hər iki şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vüsal Mənəfov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, oktyabrın 3-də, axşam saat 23 radələrində Şəki şəhərindən sərnişinləri yığıb və idarə etdiyi “Ford Transit” markalı mikroavtobusla Bakı şəhərinə yola düşüb: “Həmin vaxt mikroavtobusda 8 sərnişin və onlara məxsus müxtəlif yüklər olub. İdarə etdiyim mikroavtobus texniki cəhətdən saz vəziyyətdə, özüm isə sağlam və ayıq olmuşam. Yol boyu mikroavtobusu normal surətlə, heç bir problem olmadan idarə etmişəm. Saat 02.30 radələrində mikroavtobusla Muğanlı-İsmayıllı yolu ilə Muğanlı istiqamətində hərəkətdə olarkən, İsmayıllı rayonunun Basqal kəndi ərazisində maşının qabağından at qaçıb. Atı vurmamaq üçün əvvəlcə sükanı sağa döndərdim, arxadan keçməyə cəhd etdim. Lakin bu zaman mikroavtobusun sağ hissəsinin torpaq yola çıxdığını və dərəyə getdiyini gördüm. Bu səbəbdən sükanı tam sola çevirdim. Mikroavtobus sürüşdü və idarəetmədən çıxdı. Nəticədə avtomaşın yolun sol tərəfində dərəyə yuvarlandı”.

“Xəsarət alanlara maddi köməklik göstərmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, mikroavtobus dayandıqdan sonra dərhal avtomobildən çıxıb və hadisə nəticəsində xəsarət alanları çıxarmağa başlayıb: “Sonra polisə, təcili tibbi yardım stansiyasına və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng etdim və hadisə barədə məlumat verdim. Bir qədər sonra hadisə yerinə hər üç qurumun əməkdaşları gəldi, bizi dərədən çıxarmağa kömək etdilər.

Sonradan məlum oldu ki, hadisə nəticəsində idarə etdiyim mikroavtobusun arxa oturacağında olan iki nəfər sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb, qalanları isə xəsarət alıblar. Qəza zamanı özüm də sinəmdən, sifətimdən müxtəlif xəsarətlər aldığımdan İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət etdim".

Vüsal Mənəfov qeyd edib ki, xəstəxanada olan zaman polis əməkdaşları tərəfindən sərxoşluq müayinəsindən keçirilib və birlikdə hadisə yerinə qayıdıb: “Hadisə yerinin müayinəsində iştirak etdim.

Qəzada xəsarət alanlara maddi kömək göstərmişəm. Həmçinin vəfat etmiş şəxslərin qohumlarına da valideynlərim maddi yardımla bağlı cəhdlər ediblər. Lakin vəfat edən şəxslərin qohumları köməyi qəbul etməyiblər. Törətdiyim əməldən peşmanam. Himayəmdə azyaşlı uşaqlarım var, birinci dəfədir ehtiyatsızlıqdan hadisə törətmişəm. Apelyasiya şikayətimin təmin edilməsini, təyin olunmuş cəzanın azaldılmasını, apelyasiya protestinin isə təmin edilmədən saxlanılmasını xahiş edirəm".

Vüsal Mənəfovun vəkili Tural Həsənov çıxış edərək müdafiə etdiyi şəxsə birinci instansiya məhkəməsi tərəfindən ağır cəza təyin edildiyini deyib. Vəkilin fikrincə, məhkəmə işdə olan yüngülləşdirici halları nəzərə almayıb: “Vüsal Mənəfov hadisəni törətdikdən sonra təqsirini boynuna alıb. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsi, yaşayış yerindən müsbət xarakterizə olunması, ailə vəziyyətinin ağırlığı nəzərə alınmalıdır.

Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 may 2015-ci il tarixli hökmünün dəyişdirilməsinini, Vüsal Mənəfovun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini, cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm".

Dövlət ittihamçısı Vidadi Cabbarovun sözlərinə görə, Vüqar Mənəfov ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza ilə cəzalandırılmalıdır.

Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, nə təqsirləndirilən şəxsin apelyasiya şikayəti, nə də prokurorluğun protesti təmin edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...