15 İyul 2015 19:56
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.

Palatadan Teleqraf.com-a bildiriblər ki, iclasda bir sıra nəzarət tədbirlərinin nəticələri üzrə: dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsindən Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair; dövlət büdcəsindən Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair hesabatlar müzakirə edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarlarının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinə göndərilməsi qərara alınıb.

Dövlət büdcəsindən 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsi zamanı büdcə vəsaitlərindən qanunsuz istifadə, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi, dövlət sirrinin qorunmaması, hesabatlılığın təmin edilməməsi halları və bir sıra ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq müvafiq yoxlama materiallarının "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi qərara alınıb. Nəticələri ilə bağlı qərar qəbul edilmiş audit tədbirlərinin yekunu barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib. Bir sıra cari məsələlər, o cümlədən Hesablama Palatasının bu ilin 6 ay üzrə fəaliyyətinin nəticələri ilə bağlı məlumat müzakirə olunub.


Müəllif: