23 İyul 2015 14:35
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Apelyasiya Məhkəməsində narkotik vasitələrin istifadəsindən istifadə etməkdə və qanunsuz olaraq silah saxlamaqda təqsirli bilinən 1981-ci il təvəllüdlü Sərdar Həsənquliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sərdar Həsənquliyev istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,365 qram çəkidə narkotik vasitə olan heroini əldə edib. O, bu ilin fevralın 4-də Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 45-ci məhəllə, 2 saylı binanın yaxınlığında yerləşən çay evində saxlanılıb.

Sərdar Həsənquliyev 1-ci polis bölməsinə gətirilib və üzərinə şəxsi axtarış keçirilərkən siqaret kağızına bükülmüş, ümumi xalis çəkisi 0,190 qram çəkidə narkotik aşkarlanıb. Həmin tarixdə saat 20.30 radələrində onun idarə etdiyi “VAZ-21074” markalı HO017256 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilib və avtomobildən 0,175 qram narkotik tapılıb. Həmçinin avtomobildən zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilən 1 ədəd bıçaq aşkar edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Sərdar Həsənquliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Baş Prokurorluq hökmdən apelyasiya protesti verərək Sərdar Həsənquliyevə daha ağır cəzanın verilməsini tələb edib. Prokurorluğun protestinə hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası prokurorluğun protestini təmin edib və Sumqayıt Şəhər Məhkəməsinin hökmünü ləğv edib və onun barəsində yeni hökm çıxarıb. Yeni hökmə əsasən, Sərdar Həsənquliyev 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: