24 İyul 2015 18:59
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə 67 yaşlı kişini həbsxanaya göndərdi

İsmayıllı rayon sakini, 1948-ci il təvəllüdlü Mülküşah Həşimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Mülkişah Həşimov 3 dekabr 2014-cü il tarixdə, saat 18:30 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu ərazisindən keçən 29-cu kilometrində yol hərəkəti qaydasını pozub.

O, sərxoş vəziyyətdə “VAZ 21061" markalı avtomobillə Muğanlı istiqamətində hərəkət edərkən avtomobili əks istiqamətli hərəkət zolağına çıxarıb və bu zaman idarə etdiyi maşın əks istiqamətli yolla İsmayıllı istiqamətində hərəkət edən Cavid Bayramovun sürdüyü ”VAZ 21063" markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-21063" markalı avtomobilin sürücüsü Cavid Bayramov xəsarət alıb.

İstintaq zamanı müəyyən edilib ki, yol qəzasının törədilməsində Mülkişah Həşimov günahkardır. Onun barəsində Cinayət Məcəlləsinin 263-1.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi üzrə materiallar baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Hakim Azad Əliyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Mülkişah Həşimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, dekabrın 3-də, axşam saat 18:30-da özünə məxsus nəqliyyat vasitəsilə İsmayıllı şəhərindən çıxaraq yaşadığı Kürdüvan kəndi istiqamətində hərəkət edib: “Həmin vaxt dişim ağrıdığı üçün pambığı spirtlə isladaraq ağrıyan dişimin üzərinə qoydum. Bu səbəbdən də ağzımdan spirt qoxusu gəlib. Saat 18:30 radələrində idarə etdiyim VAZ 2106 markalı avtomobillə Muğanlı-İsmayıllı yolu ilə Muğanlı istiqamətində 60-70 km/saat sürətlə hərəkət edərkən bir anlıq avtomobil qarşı hərəkət zolağına çıxdı və əks istiqamətli yolla hərəkət edən VAZ 2106 markalı avtomobillə toqquşdum. Toqquşmadan sonra avtomobillər fırlanaraq yolun ortasında dayandı. Hadisə nəticəsində özüm və qəzaya uğramış digər avtomobilin sürücüsü Cavid Bayramov xəsarət aldı. Daha sonra müayinə olunmaq üçün İsmayıllı rayon mərkəzi xəstəxanasına getdik. Zərərçəkmiş şəxsə vurlmuş ziyanı ödəmişəm və aramızda barışıq əldə olunub. Buna baxmayaraq hesab edirəm ki, hadisə vaxtı zərərçəkmiş şəxs heç bir xəsarət almadığından əməlim cinayət kimi deyil, inzibati xəta kimi qiymətləndirilməli idi. Bu baxımdan da baş vermiş nəqliyyat hadisəsində özümü günahkar bilmirəm. Haqqımda bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

Zərərçəkmiş Cavid Bayramovun sözlərinə görə, dekabrın 3-də yaşadığı Şamaxı rayonundan çıxıb və İsmayıllı rayonuna, qaynatasının evinə getmək üçün yola düşüb: “Həmin vaxt avtomobildə tək olmuşam. İdarə etdiyim avtomobillə Muğanlı-İsmayıllı yolu ilə İsmayıllı istiqamətində hərəkət edərkən əks istiqamətli yolla hərəkət edən VAZ 2106 markalı avtomobilin yoluma çıxdığını gördüm. Dərhal avtomobilin sürətini son həddə qədər azaldaraq avtomobili mümkün olduğu qədər sağa çəkdim. Lakin həmin avtomobil yaxın məsafədən yoluma çıxdığından avtomobilimlə toqquşdu. Hadisə nəticəsində hər ikimiz xəsarət almışıq. Həmin vaxt hadisəni törətmiş avtomobilin sürücüsü, sonradan tanıdığım Mülkişah Həşimovun sərxoş vəziyyətdə olduğu açıq-aydın görünürdü. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım briqadası gəldi. Hadisə nəticəsində özümə məxsus VAZ 2106 markalı avtomobilin zədələnməsi nəticəsində mənə 1600 manat məbləğində maddi ziyan dəyib. Mülkişah Həşimov dəymiş maddi ziyanı ödəyib. Bu səbəbdən ona qarşı şikayətim yoxdur”.

Şahid qismində ifadə verən yol patrul xidmətinin inspektoru, polis çavuşu Rəşad Əsgərov bildirib ki, hadisə baş verən günü axşam saatlarında Muğanlı-İsmayıllı magistral yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində iş yoldaşı Pərvinlə birlikdə xidmətdə olublar. Onun sözlərinə görə, saat 18:45 radələrində onlara Muğanlı-İsmayıllı yolunda Girdimançay körpüsünün yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi və iki avtomobil toqquşması barədə məlumat verilib: “Dərhal Pərvinlə birlikdə hadisə baş verən əraziyə yollandıq. Həmin vaxt hava qaralmışdı, azca qar yağmışdı və asfaltın üzəri qarla örtülmüş vəziyyətdə idi. Hadisə yerinə çatanda iki avtomobilin qarşı-qarşıya toqquşduğunu gördük. Qəza yerinə yaxınlaşaraq avtomobillərin sürücüsünü müəyyən etdik. Orada yolla hərəkət edən başqa avtomobillər də dayanmışdı və tanımadığımız şəxslər də hadisə yerinə toplaşmışdılar. Hadisə nəticəsində hər iki sürücü bədən xəsarətləri almışdı. Bundan sonra növbətçi hissəyə hadisə zamanı xəsarət alan şəxslərin olması barədə məlumat verdik və hadisə yerinə müstəntiq göndərilməsini xahiş etdik. Eyni zamanda, təcili yardım briqadasını da olay yerinə çağırdıq. Bir qədər sonra hadisə yerinə təcili yardım briqadası, həmçinin müstəntiq gəldi”.

Məhkəmənin hökmü ilə Mülkişah Həşimov 1 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif: