25 İyul 2015 18:08
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan narkotik gətirənə 5 il həbs

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Lənkəran şəhər sakini, 1977-ci il təvəllüdlü Günay Abıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Günay Abıyeva 26 sentyabr 2014-cü ildə İranın Ərdəbil şəhərində istintaqla müəyyən edilməmiş mənbədən 49,581 qram olan tiryək narkotik vasitəsini əldə edib. O, narkotik vasitəni sentyabrın 27-də Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postundan gizli yolla Azərbaycan ərazisinə keçirib.

O, Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham edilib. Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Günay Abıyeva 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Günay Abıyeva apelyasiya şikayəti verib. Onun şikayəti baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

"Cinayət işinə yenidən baxılsın"

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Günay Abıyeva bildirib ki, Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş cəza ilə razı deyil: "Xahiş edirəm ki, mənə açılan cinayət işinə və təyin edilmiş cəzaya yenidən baxılsın. İş ədalətlə araşdırılsın".

Günay Abıyeva apelyasiya şikayətini müdafiə edib. O bildirib ki, narkotik vasitəni iki il əvvəl xəstəliyi ilə əlaqədar qəbul etməyə başlayıb: "Apelyasiya şikayətimin təmin edilməsini, cəzamın yüngülləşdirilməsini xahiş edirəm".

Dövlət ittihamçısı Ədalət Əzimovun sözlərinə görə, işin halları ilə Günay Abıyevanın əməli düzgün tövsif edilib və ona ədalətli cəza təyin olunub. Dövlət ittihamçısı Günay Abıyevanın barəsində çıxarılmış hökmün dəyişdirilməsi üçün əsas olmadığını göstərib. O, apelyasiya şikayətinin təmin edilməməsini xahiş edib.

Günay Abıyevanın vəkili Salman Fərəcov apelyasiya şikayətinin təmin edilməsini istəyib. O bildirib ki, müdafiə etdiyi şəxsin uşaqlarından biri epilepsiya xəstəliyindən əzab çəkir. Bunu əsas gətirən müdafiəçi Gunay Abıyevaya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ağır cəza təyin edilmiş olmasını göstərib: "Günay Abıyevayanın barəsində Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddəsinin tətbiq edilməsini, yaxud təqsirləndirildiyi maddələrin sanksiyası həddində cəzasının yüngülləşdirilməsini xahiş edirəm".

"Şübhələrim artdı"

Cinayət işi üzrə şahid qismində ifadə verən Pərvin Məlikova bildirib ki, 27 sentyabr 2014-cü il tarixdə iş bölgüsünə əsasən "Qoşa Təpə" Gömrük Postunda İrandan gələn sərnişinlərə gömrük nəzarətini həyata keçirib: "Həmin gün vəzifə borcunu yerinə yetirərkən saat 17 radələrində şəxsiyyəti sonradan məlum olan Azərbaycan vətəndaşı Günay Abıyeva piyada keçid xətti ilə sərnişin yoxlama otağına daxil olub. Günay Abıyeva sərnişin yoxlama otağına daxil olandan diqqətimi çəkib. Günay Abıyevadan pasportunu istədim. Bu zaman ona nəzər yetirdim və şifahi sorğu-sual apardım. Günay Abıyevadan verdiyim suallara düzgün cavab ala bilmədim. Buna görə də həmin şəxsə qarşı şübhələrim artdı".

"Nəyisə gizlətdiyindən əmin oldum"

Şahidin sözlərinə görə, Günay Abıyevanın üzərində qadağan olunmuş predmetlər, yəni narkotik vasitələri, psixotrop maddələri, dərman preparatları və digər əşyaları olub-olmamasını soruşub: "Ona üzərində narkotik vasitə varsa, təqdim eləməyi təklif etdim. Günay Abıyeva öz növbəsində üzərində heç bir qadağan olunmuş predmetlərin olmadığını bildirdi. Günay Abıyevanın hərəkətləri məndə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparmaq qərarına gəldim. Bundan sonra Günay Abıyevaya üzərində şəxsi yoxlama keçiriləcəyi barədə məlumat verdim və şəxsi yoxlama otağına dəvət etdim. Şəxsi yoxlama otağına iki nəfər hal şahidi də dəvət etdikdən sonra Günay Abıyevanı təkrar sorğu-sual etdim və üzərində, daxili orqanlarında qadağan olunmuş predmetlərin, o cümlədən narkotik vasitələrin olub-olmamasını soruşdum. Günay Abıyeva da öz növbəsində üzərində və daxili orqanlarında heç bir qadağan olunmuş predmetin olmadığını dedi. Daha sonra Günay Abıyevanı yoxlamağa başladım və üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar etmədim. Lakin Günay Abıyevanın üzərində nəyisə gizlətdiyindən əmin oldum. Çünki o, yoxlandıqca özünü çox narahat hiss edirdi. Günay Abıyevanın daxili orqanlarında narkotik vasitə gizlətdiyini ehtimal etdim. Onu həkim köməkliyi ilə yoxlamaq qərarına gəldim. Bu məqsədlə Günay Abıyevanı müşayiətimiz altında Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına gətirdik. Xəstəxananın Ginekoloji şöbəsində Günay Abıyeva həkim tərəfindən müayinə edildi və daxili orqanı-düz bağırsağında yad predmetin olduğu müəyyən olundu. Bu zaman Günay Abıyeva vəziyyətdən çıxa bilməyəcəyini başa düşdü və daxili orqanı-düz bağırsağında 1 bükümdə narkotik vasitə olan tiryəkin olduğunu etiraf etdi. Ona yenidən həkim müayinəsindən keçəcəyini bildirdim. Bu zaman Günay Abıyeva müayinəyə ehtiyac olmadığını və daxili orqanı-düz bağırsağında gizlətdiyi 1 bükümdə olan narkotik vasitəni özü çıxaracağını bildirdi. O, gömrük nəzarətindən gizlədərək daxili orqanı - düz bağırsağında saxladığı, selofana bükülü 1 ədəd bükümdə, tünd qəhvəyi rəngli tiryək narkotik vasitəsini xaric etdi. Aşkar edilən 1 ədəd bükümdə olan maddə "Acculab" markalı elektron tərəzidə çəkildi və qablaşdırılması ilə birgə ümumi çəkisinin 52 qram olduğu müəyyən edildi. Bundan sonra aşkar edilən 1 ədəd bükümdə qablaşdırılması ilə birgə ümumi çəkisi 52 qram olan narkotik vasitə - tiryəkəoxşar maddə tərəfimizdən götürülərək qablaşdırıldı, protokol tərtib edildi və bütün iştirakçılar tərəfindən imzalandı".

Apelyasiya instansiyasında işə baxan hakim heyəti bütün tərəfləri dinləyəndən sonra qərar elan edib. Qərara görə, Günay Abıyevanın apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: