28 İyul 2015 16:22
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu” mövzusunda Dəyirmi Masa keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Vergilər Nazirliyinin, sahibkarların ictimai təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, icra strukturlarının, bələdiyyələrin nümayəndələri və sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirmişdir ki, müasir dövrdə vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsi, ilk növbədə, sosial tərəfdaşların dəstəyi ilə könüllü əməletməni təmin etməkdən keçir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ancaq vadaretmə deyil, vadaretmənin, xidmətin, könüllü səylərin, kommunikasiyanın və maarifləndirmənin məcmusundan ibarətdir.

Ələkbər Məmmədov bildirib ki, Azərbaycanda vergi ödəyiciləri tərəfindən təqdim olunan bəyannamələrin artıq 90 faizdən çoxu elektron formada təqdim olunur ki, bu da həyata keçirilən islahatların, vergi sistemində tətbiq olunan informasiya texnologiyalarının yaratdığı imkanların hesabınadır.

Qeyd edilib ki, Vergilər Nazirliyinin əsas məqsədi vergidən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi deyil, yayındırılmış vergi məbləğlərinin dövlət büdcəsinə ödətdirilməsidir. 2015-ci ilin 1-ci yarımilliyi ərzində 508 iş üzrə 29,1 milyon manat məbləğində yayındırılmış vergi məbləğinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Vergilər Nazirliyi könüllü əməletmə sisteminin bütün vergi ödəyicilərini əhatə etməsinə nail olmağı hədəfləyir. Könüllü əməletmə - vergi ödəyicilərinin vergi qanunlarına riayət etmələrini, gəlir məbləğlərini və vergi öhdəliklərini ədalətli və dürüst bəyan etmələrini, gəlirləri barədə bəyannamələri vaxtında, sərbəst və könüllü şəkildə təqdim etməyə şərait yaradan, başqa sözlə, vergilərin vaxtında ödənilməsini aşılayan bir sistemdir. Bu məqsədlə Vergilər Nazirliyi vergi ödəyicilərinə göstərilən xidmətlərin, xüsusən elektron xidmətlərin əhatə dairəsini genişləndirməyi nəzərdə tutur.

Vergilər Nazirliyinin vergi ödəyiciləri ilə təmasında vətəndaş cəmiyyətinin, xüsusilə də sahibkarların ictimai birliklərinin, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin mühüm rolu qeyd edilmiş, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin zəruriliyi önə çəkilib.

Sonra Vergilər Nazirliyinin nümayəndələri tərəfindən nazirlik tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi borclarının alınması və s. mövzularda təqdimatlar edilib.

“Dəyirmi masa”da vergi orqanları və biznes arasında mövcud olan əlaqənin yeni forması olan korporativ əməletmə ətrafında geniş müzakirələr keçirilib, partnyorluq, qarşılıqlı faydalara söykənən dövlət-biznes münasibətlərinin qurulması istiqamətində aparılan işlər barədə fikir mübadiləsi aparılıb.

Naibə QURBANOVA


Müəllif: