30 İyul 2015 13:37
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində Cəbrayıl rayonunda məcburi köçkün düşmüş 1959-cu il təvəllüdlü Ramiz Balakişiyevin cinayət işi üzrə proses başa çatıb. İttihama görə, o, ötən il iyunun 1-də saat 19.00-da Biləsuvar rayonu 10 saylı qəsəbədə yaşayan Əbülfət Səfərovun oğlu Ramilin kiçik toy məclisində Elsevər Həmidovla mübahisə edib.

Mübahisə zamanı Ramiz Balakişiyev Elsevəri vuraraq bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib. Həmçinin mağarda söyüş söyərək xuliqanlıq edib. Elsevərin mağardan çıxdığını görəndə arxasınca qaçaraq bıçaqla onu təkrar vurmağa cəhd göstərib və öldürücəyi ilə hədələyib.

Ramiz Balakişiyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham edilib və Cəbrayıl Rayon Məhkəməsinin hökmü ilə 4 il 7 ay azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək işin yenidən araşdırılmasını xahiş edib.

“Toy sahibinə kömək üçün onlara getdim”

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Elsevər Həmidov bildirib ki, toy sahibi Əbülfət onun qonşusudur, Ramiz Balakişiyevi isə qəsəbə sakini kimi tanıyıb: “Ramizlə həmişə yaxşı münasibətim olub, aramızda heç bir zaman şəxsi ədavət və ya düşmənçilik yaşanmayıb. İyunun 1-də Əbülfətin oğlu Ramilin kiçik toy məclisinə dəvət almışdım. Saat 10.00-da toy sahibinə kömək üçün onlara getdim. Günorta saat 13.00-da toy mağarında olan qonaqlara xidmət etməyə başladım.

Toya dəvət edilmiş Ramiz təxminən saat 15 radələrindən etibarən sərxoş vəziyyətdə, aşa-aşa mağarın oyun meydançasında oynamağa başladı, heç kimi oynamağa qoymadı. Toy sahibi bir neçə dəfə çölə çıxartsa da, o, mağara qayıdaraq oymağa davam etdi".

“Söyüş söyərək məni təhqir etdi”

Zərərçəkmişin sözlərinə görə, saat təxminən 17.00-da toy mağarında Ramiz içkili olduğu üçün onun üzərinə yıxılıb: “Mən də qolundan tutaraq ona kömək etdim, ayağa qaldırdım, boş stulda oturmasını xahiş etdim. Bu zaman o, heç bir səbəb olmadan uca səslə nalayiq söyüşlər söyərək məni təhqir etdi. Sinəmə yumruq atdı, geri çəkildim. Yenidən üzərimə yeriyərək sinəmdən iki dəfə yumruqla vurdu, söyə-söyə boğazımdan tutub məni boğmaq istədi. Özümü müdafiə üçün Ramizi kənarlaşdırdım. Davanı görən qonaqlar qışqırıqla toy mağarını tərk etməyə başladılar”.

Elsevər Həmidov bildirib ki, Ramizi məclisdə iştirak edən polis əməkdaşı Bayram mağardan çıxararaq evlərinə tərəf aparıb: “Dağılışan adamlar Ramizin evə getdiyini görəndə yenidən mağara qayıtdılar və toy davam etməyə başladı. Təxminən 10-15 dəqiqə sonra mağarda stolda oturduğum zaman Ramiz əlində bıçaq içəri girdi. Nalayiq söyüşlərlə məni və qonaqları söydü. Bıçaqla yenidən üstümə gəldi. Ondan qorunmaqdan ötrü mağarın girişinə qaçdım. Ramiz isə qovalayaraq məni təqib etdi. Bayram bıçağı Ramizdən aldı və onu mağardan uzaqlaşdırdı. Qonaqların bir çoxu toydan çıxıb getdilər, mən də həmin vaxt öz evimə yollandım.

Təxminən 30 dəqiqədən sonra toya baxmaq üçün toy mağarı qurulan küçəyə qayıtdım, toy keçirilən mərasim zalına girdim. Mağardakı stolda oturaraq toya baxmağa başladım. Bu zaman Ramiz yenidən əlində bıçaq mağarın içərisinə girdi, məni və qonaqları yenidən nalayiq söyüşlərlə söyüb təhqir etdi. Ramiz üzərimə gələrkən qaçdım. Arxamca düşüb məni vurmaq istədi, qorunmaq üçün oturacaq stulunu qarşısına atdım. O, stuldan yayındı, arxamca qaçmağa davam etdi, amma ayağı daşa ilişdi, üzü üstə yerə yıxıldı, üzü-başı qan oldu. Bu vaxt mağarın girişində olan Tofiq Ramizin əlindən bıçağı aldı. Bu dava nəticəsində toy vaxtından çox əvvəl dağıldı, mağarda olan qonaqlar və musiqiçilər mağarı tərk etdi".

“Razı deyiləm...”

Təqsirləndirilən Ramiz Balakişiyev bildirib ki, Cəbrayıl Rayon Məhkəməsinin barəsində çıxardığı hökmlə razı deyil: “Hökmü ədalətsiz və qərəzli hesab etmək üçün kifayət qədər sübutum var. İşə düzgün baxılmasını, ya ibtidai istintaqa qaytarılmasını, ya da ətraflı araşdırılaraq ədalətli hökm çıxarılmasını xahiş edirəm”.

Ramiz Balakişiyev heç kimi, o cümlədən zərərçəkmişi bıçaqla vurmaq istəmədiyini, onda yalnız bir balaca meyvə bıçağı olduğunu və onu da özü təhvil verdiyini göstərib.

Dövlət ittihamçısı Ceyhun Əliyev apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməməsini istəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi Ulduzə Əhmədova bildirib ki, Ramiz Balakişiyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi sübuta yetirilməyib. Vəkil onun əməlinin Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilərək ona azadlıqdan məhrum etməklə bağlı olmayan cəza xahiş edib.

Tərəfləri dinləyən hakim kollegiyası sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif: