31 İyul 2015 11:33

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilin və apelyasiya instansiyasında bəraət alan Sahib Ağayevin işinə yenidən baxılacaq.

Bu barədə Teleqraf.com-a məlumat verən Sahib Ağayev bildirib ki, bir müddət əvvəl Ali Məhkəmənin hökmü ilə barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib.

Onun sözlərinə görə, prosesə yenidən baxılması üçün cinayət işinin materialları Bakı Apelyasiya Məhkəməsinə göndərilib: “Barəmdə olan işə Bakı Apelyasiya Məhkəməsinin hakimi Qədim Babayev baxacaq. Məhkəmənin ilkin baxış iclası avqustun 14-də, saat 10:00-a təyin edilib. Ümid edirəm ki, barəmdə hakim Qədim Babayev ədalətli və qanuni qərar çıxaracaq”.

Qeyd edək ki, Sahib Ağayev “Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb. Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan Sahib Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsində, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Sahib Ağayevin barəsində təyin edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Məhkəmə Sahib Ağayevə bəraət verib. Həbsdə olan Sahib Ağayev məhkəmə zalından azadlığa buraxılıb.

Həmin qərardan narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək bəraət hökmünün ləğv edilməsini istəyib. Ali Məhkəmə baxışı zamanı hakim Fərhad Kərimov dövlət ittihamçısının şikayətini təmin edib və apelyasiya instansiyasının qərarını ləğv edib.

Xatırladaq ki, Sahib Ağayev bir neçə gün əvvəl Teleqraf.com-a ünvanlandığı müraciətində vurğulayıb ki, barəsində olan ittihamlarla bağlı bütün aidiyyəti instansiyalara müraciət edib: “Lakin indiyədək müraciətlərimin heç bir faydası olmayıb. Bütün instansiyalardan yalnız bir cavab alırdım: “İş baxılması üçün aidiyyəti yerə göndərildi!”. İş onsuz da baxılması üçün aidiyyəti yerdə idi. Amma aidiyyəti yer işimə qanunsuz baxırdı. Mənə qarşı Unibank KB ASC-nin rəhbərliyinin “sifarişi” ilə Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük müstəntiqi Rəşad Məmmədov tərəfindən qanunsuz yolla ittiham verilmişdi. İstintaq zamanı əməlimdə cinayət tərkibi olmaya-olmaya müstəntiq Rəşad Məmmədov lehimə olan bütün sübutları gizlədərək, mənə ağır maddələrlə ittiham irəli sürdü. Dəfələrlə Baş Prokuror cənab Zakir Qaralovla görüşməyə cəhd etmişəm. Lakin aşağı instansiyalardakı məmurlar buna imkan vermədilər. Mənim törətdiyim əməl sırf mülki hüquq münasibətləri zəminində həll olunmalı idi. Bu barədə kifayət qədər mötəbər sübutlarım vardır. Lakin bunlara məhəl qoyan olmadı”.

Hacı Zeynalov


Müəllif:
Загрузка...