31 İyul 2015 16:13
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Şamama Seyidova və onun oğlu Əmir Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü il oktyabr ayının 26-da Xaçmaz rayon sakini Məmməd Seyidov Polis Şöbəsinə müraciət edərək Rəhimoba kəndində yaşayan qardaşı Binnət Seyidovun həmin il yanvarın 26-da işləmək adı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasına getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Müraciət əsasında Xaçmaz rayon polis şöbəsində Binnət Seyidov barəsində axtarış işi açılıb, müvafiq araşdırmalar aparılıb. Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə Binnət Seyidovun Dağıstan Respublikasına getməsi və itkin düşməsi faktı təsdiqini tapmayıb. Onun şəxsi münaqişə zəminində arvadı Şamamanın təhriki və iştirakı ilə oğlu Əmir tərəfindən ov tüfəngindən açılmış atəşlə yatmış halda qətlə yetirildiyi, cəsədinin isə həyətdəki quyuya atıldığı müəyyən edilib.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq Binnət Seyidovun çürümüş vəziyyətdə olan cəsədi quyudan çıxarılaraq sonrakı araşdırmalar məqsədilə aidiyyatı üzrə məhkəmə-tibbi ekspertizasına verilib. Şamama və Əmir Seyidovlar polis əməkdaşları tərəfindən tutulub, cinayətin törədilməsində istifadə edilmiş “TOZ-16” markalı tüfəng maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham ediliblər.


Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin barəsində hökm elan olunub. Məhkəmənin hökmü ilə Şamama Seyidova 15 il, Əmir Seyidov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif: