2 İyun 2014 16:24
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə “Azər-Ross” MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsindən sonra həbs olunan Hümbət Məmmədov, Vüsal Qurbanov Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslərin vəkillərinin Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından verdikləri kasasiya şikayəti üzrə qərar açıqlanıb.

Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə verdikləri şikayət təmin edilməyib. Cinayət işinin materialları yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Apelyasiya şikayətinə hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi kollegiyada baxılacaq. Məhkəmə baxışı iyunun 4-nə təyin olunub.

İttihama görə, 2011-ci il iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılan atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin təsisçilərindən biri olan Hümbət Məmmədov vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq ediblər. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb. Və onların heç birinə mənzil verilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil Şamilov və Şamil Şamilov isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Sahil və Şamil qardaşları barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Hacı Zeynalov


Müəllif: