19 Aprel 2014 19:04
1 028

Qətl və sui-qəsddə günahlandırılan şəxslərlə bağlı proses davam edir

Bakı Apelyasiya Məhkəməsində adam öldürməkdə və sui-qəsddə təqsirli bilinən yaxın qohumlar Əsəd, Məhəmməd və Seymur Əliyevlərin məhkəməsi keçirilib.

İttihama görə, 2013-cü il yanvarın 6-da, axşam saatlarında Balaxanı qəsəbəsində Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində “Makarov” tipli tapançadan Elçin Əliyevin alın nahiyəsinə, Sadiq Musayevin ayaq nahiyəsinə atəş açıb, Elxan Bayramzadənin ürək nahiyəsinə isə bıçaqla xəsarətlər yetiriblər.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib, Elçin Əliyev və Elxan Bayramzadə aldıqları xəsarətdən dünyasını dəyişiblər. Sadiq Musayevin isə tibbi yardımın göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olub.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Sabunçu rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Əsəd və Məhəmməd Əliyevlər tutulublar. Onlardan “Makarov” tipli tapança və bıçaq götürülüb. İstintaqın gedişi zamanı cinayətin digər iştirakçısı Seymur Əliyev də tutularaq məsuliyyətə cəlb edilib.

İstintaq müəyyən edib ki, hadisədən bir gün əvvəl idarə etdikləri avtomaşınlarla biri-birlərinə yol vermədiklərinə görə Əsəd Əliyevlə Sadiq Musayev arasında mübahisə düşüb. Sadiq Musayev və onunla birlikdə olan Elxan Bayramzadə Əsəd Əliyevi yumruqla vurublar. Ertəsi gün Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur Elxan Bayramzadə, Elçin Əliyev, Sadiq və Tahir Musayev qardaşları ilə Balaxanı qəsəbəsində görüşərək məsələyə aydınlıq gətirmək istəyiblər.

Mübahisə böyüyüb, bu zaman Seymur Əliyev üstündə gəzdirdiyi “Makarov” tipli tapançadan atəş açaraq Elxan Əliyevi başından, Sadiq Musayevi sağ budundan yaralayıb, Məhəmməd Əliyev isə Elxan Bayramzadəni ürək nahiyəsindən bıçaqla vurub.

Silahlı insidentdə hücuma məruz qalanlardan biri Sadiq Musayev Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin qardaşı oğludur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Əliyev 15 il, Əsəd Əliyev 13 il 6 ay, Məhəmməd Əliyev 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən Baş Prokurorluq narazı qalıb. Prokurorluq Seymur Əliyevin ömürlük, Əsəd Əliyevin 14 il, Məhəmməd Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Təqsirləndirilən şəxslər də apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Vəkillər birinci instansiya məhkəməsində işə düzgün baxılmadığını əsas gətiriblər. Onlar şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər. Lakin hakimlər işə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar açıqlayıblar.

Qərardan narazı qalan təqsirləndirilən şəxslərin vəkilləri Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Onların şikayətinə baxılması üçün cinayət işinin materialları Ali Məhkəməyə göndərilib. Apelyasiya instansiyasında iş qeyri-müəyyən vaxta təxirə salınıb.

Hacı


Müəllif: