21 Aprel 2014 13:29
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun məhkəməsi başlayıb.


Teleqraf.com-un xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Anar Məmmədlinin vəkili Elçin Sadıqov prosesdə jurnalistlərə çəkiliş aparılmasına şərait yaradılması, cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb.

Anar Məmmədlinin digər vəkili Fariz Namazlı isə müdafiə etdiyi şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və prosesdə əlavə şahidlərin dindirilməsi barədə vəsatət verib.

Müşavirə keçən hakimlər qərar qəbul ediblər. Qərara görə, əlavə şahidlərin dindirilməsi barədə vəsatət təmin edilib, digər vəsatətlər rədd edilib. Məhkəmə baxışı aprelin 28-nə təyin olunub.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib.

Anar Məmmədli və digər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (iri məbləğdə əmlakı mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Hacı Zeynalov


Müəllif: