13 İyun 2014 09:56
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd bələdiyyə sədrinin oğlunu öldürən ata-bala günahsız olduqlarını deyirlər

İmişli rayonunun Qulubəyli kənd sakini, 1948-ci il təvəllüdlü Hənifə Əliyev 19 yaşlı Mirnahid Nağıyevi odlu silahla öldürüb. Hənifə Əliyev Qulubəyli kənd icra nümayəndəsinin qardaşı oğlu, Mirnahid Nağıyev isə kənd bələdiyyə sədrinin oğludur.

Ata-oğul məhkəmə qarşısında

Hənifə Əliyev bələdiyyə sədrinin oğlunu öldürdükdən sonra onun oğlu İlhamın 2007-ci ildə törətdiyi cinayətin də üstü açılıb. İlham həmin ilin noyabrında sərxoş vəziyyətdə İmişli rayonunun Qulubəyli kəndində "Çala" adlandırılan gölün yanında həmkəndlisi Nuru Məmmədovun icarəyə götürdüyü sahədə heyvanlarını otarıb.

Bundan narazılıq edən Nuru Məmmədovla heç bir əsaslı səbəb olmadan dalaşıb və onu döyüb. İlham ov tüfəngindən Nuru Məmmədovun başının üstündən atəş açmaqla xuliqanlıq edib.

Hənifə Əliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə),228.2.1-ci (qrup halında odlu silah saxlama) maddələri ilə, İlham Əliyev isə həmin məcəllənin 221.3-cü (xuliqanlıq) və 228.2.1-ci maddələri ilə ittiham olunublar və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cəlil Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Silahı yolda tapmışam"

Hənifə Əliyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, hadisəni qəsdən yox, təsadüf nəticəsində törədib: "Hadisədən 3 gün əvvəl Bakıya yola çıxacağımdan maşını ustaya göstərməyə getmişdim. Yolda təmir sexinə az qalmış parçaya bükülü şəkildə taxta parçası və üstündə dəmir olduğunu gördüm. Həmin əşyanın silah olduğunu gördüm. Silahı götürdükdən sonra onu mənim atdığımı fikrləşəcəklərindən qorxdum. Buna görə yerinə qoymadım".

"Qara əşyanı nişan alaraq atəş açdım"

Təqsirləndirilən şəxsin sözlərinə görə, qardaşı icra hakimiyyətində işlədiyindən silahı onunla birlikdə təhvil verəcəyini fikirləşib: "Silahı evə gətirdim, kirvəmin oğlunun toyu ilə əlaqədar 3 gün heç bir yerə getmədim. Hadisə baş verən günü, yəni 2011-ci il iyulun 16-da, günorta vaxtı çölə çıxdım. Bu zaman uşaqların qışqırığını və göldə qunduz olduğunu eşitdim. Kanalda olan qunduzları tutmaq üçün əvvəllər hətta tor da qurmuşdum.

Qunduzları daşla vurmaq istədim. Amma tapdığım silah yadıma düşdü, onu maşından götürdüm. Hadisə yerinə yaxınlaşanda iki qunduzun suya batdığını gördüm. Bir neçə saat onları müşahidə etməyimə baxmayaraq sudan çıxmadılar. Nəhayət, qunduzlardan biri sudan çıxdı, yoldan keçib o biri tərəfdə olan suya girdi, digər qunduz isə başını suda göstərib tez də gizləndi. Heç birini tuta bilmədim.

Həmin gün saat 14.00-da tüfəngi maşına qoydum. Günorta naharı edəndən sonra geri qayıtdım. Orada traktor kanalı qazıb torpağı bir qırağa tökdüyündən körpünün üstü yaxşı görünmürdü. Qamışların arasından baxanda evə tərəf 10-15 metr aralıda suda qaraltı gördüm. Suda qunduz ola biləcəyini fikirləşdim, qara görüntünü nişan alaraq atəş açdım".

"Həmkəndlimin oğlunu vurduğumu gördüm"

Hənifə Əliyev deyib ki, atəşdən sonra dərhal həmin yerdə su partlayıb: "Yəni sudan iri nəsə sıçrayıb üzə çıxdı. Yaxınlaşdıqda bunun adam olduğunu bildim. Həmkəndlim Qalibin oğlu Mirnahidi vurduğumu anladım. Onun başı körpüyə, ayağı atəş açılan yerə tərəf olmaqla suda uzanmışdı. Mirnahidi kanaldan otluğa tərəf çıxardım, ətrafda heç kimin olmadığını gördükdə oğlum İlhamı çağırdım.

Həmin vaxt özümü itirmişdim. Mərhuma yardım göstərmək üçün onu qucağıma götürdüm. Onu qucağımda bir az apardım, qrıjam vardı, həm də yorulmuşdum. Onu yerə qoydum, yenidən oğlumu çağırmağa başladım. Qardaşlarıma zəng vurub hadisə barədə xəbər verdim və tapşırdım ki, Mirnahidə yardım olunmasından ötrü xəstəxanaya həkim çağırsınlar.

Kanaldan aralanandan 30-40 metr qaçaraq yenidən oğlumu köməyə çağırdım. İlham bir nəfər şəxslə gələrək mənimlə birlikdə Mirnahidi götürdük. Bir neçə metr apardıqdan sonra yerə qoyduq. İlhama maşını gətirməyi tapşırdım. Mərhumu maşınla xəstəxanaya çatdırdıq. Yolda qardaşım Novruz zəng edərək həkimin xəstəxanaya gəldiyini bildirdi".

"İmkan vermədilər ki, hadisə yerin də baxış aparsınlar"

Hənifə Əliyevin ifadəsinə görə, onlar xəstəxanaya çatanda Mirnahid sağ olub: "Xəstəxanaya qohumlarım da gəldi və Mirnahid sarğı otağına aparıldı. 10-15 dəqiqədən sonra orada olan ağsaqqallar bizim xəstəxanadan getməyimizi istədilər. Bu sözdən sonra evə getdik.

Yolda oğlum İlhama Mirnahidi vurduğum silahın kanala düşdüyünü və gedib onu evə gətirməyi tapşırdım. Silahı polis şöbəsinə təhvil vermək fikrindəydik. Qardaşım polisə zəng edərək hadisə barədə məlumat verdi. Evdə paltarlarımı dəyişdim və polis şöbəsinə getdim.

3-4 gündən sonra polislərlə birlikdə hadisə yerinə getdik. Həmin vaxt orada olan camaat polislərə imkan vermədilər ki, hadisə yerində baxış aparsınlar".

"Atamın qışqırıq səsini eşitdim"

Məhkəmədə ifadə verən İlham Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heç vaxt atası Hənifə ilə əlbir olmaqla qanunsuz silah saxlamayıb: "2007-ci ilin noyabr ayında İmişli rayonunun Qulubəyli kəndində "Çala" adlandırılan gölün sahilində həmkəndlim Nuru Məmmədovun icarəyə götürdüyü sahədə olmamışam və onunla mübahisə etməmişəm. Nurunu döyməmişəm, başının üstündən atəş açmamışam.

İyulun 16-da, axşam saat 19.00-da qonşum Eldənizin qaynı Şahin adlı şəxslə evimizin qarşısında yolda rastlaşmışam. Onunla bir qədər söhbət etdikdən sonra şor kanalına getdik. Şahinə orada balıq tutmağı təklif etdim. Şahinlə qarmağı suya atdıq və bir az sonra atamın qışqırıq səsini eşitdim. Şahinlə birlikdə səs gələn tərəfə qaçmağa başladıq".

"Atamı ailə üzvlərimizlə görüşmək üçün evə apardıq"

İlhamın sözlərinə görə, təxminən 150 metrə qədər qaçdıqdan sonra atası Hənifənin onlara doğru yeriyə-yeriyə gəldiyini görüb: "Atam "evimiz yıxıldı" deyərək kanalda su siçovulu əvəzinə Qalibin oğlu Mirnahidi vurduğunu bildirdi. Dərhal həmin yerə getdik, Mirnahid kanalın kənarında arxası üstə uzanmışdı. Ona yaxınlaşaraq yerdən qaldırmaq istəyəndə başının qanlı olduğunu gördüm. Tez maşını götürmək üçün evə getdim və geri qayıtdım.

Mirnahidi Şahin və atamın köməyi ilə maşına qoyduq, İmişli rayon mərkəzi xəstəxanasına apardıq. Təxminən 25 dəqiqə ərzində Mirnahidi xəstəxanaya çatdırdıq. Həkimlər ona ilkin tibbi yardım göstərsələr də, həyatını xilas etmək mümkün olmadı. Atamı ailə üzvlərimizlə görüşmək üçün evə apardıq. Yolda atam suya düşən tüfəngi gətirməyimi tapşırdı.

Atamı evə düşürəndən sonra tüfəngi gətirmək üçün kanala getdim. Tüfəngi sudan çıxararaq parçaya büküb evə gətirdim. Evə gələndə atamı polis artıq şöbəyə aparmışdı. Kanaldan götürdüyüm tüfəngi polislərə təhvil verdim".

"Oğlumu sifarişlə öldürüblər"

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Qalib Nağıyev deyib ki, Hənifə Əliyev və onun icra hakimiyyətinin nümayəndəsi olan qardaşı Əbülfətlə münasibətləri son həddə çatıb: "Oğlumu sifarişlə öldürüblər. Hənifə Əliyevin oğlum Mirnahidi su siçovuluna oxşadaraq tüfənglə vurması, Mirnahidi suyun içində vurduqdan sonra yaşlı və qrijası olan xəstə bir adamın oğlumu sudan çıxarması inandırıcı deyil. Oğlumu kəndin icra nümayəndəsi Əbülfət Əliyevin sifarişi ilə qardaşı oğlu Ilham öldürüb. Hənifə və Şahin isə orada iştirak ediblər.

Hadisədən 3 gün qabaq oğlum evdə olarkən İlhamın onu döydüyünü bildirdi. Hadisə baş verən gün oğlum velosipedlə evdən çıxıb. Bir neçə dəqiqədən sonra xəbər gəlib ki, Hənifə Əliyev onu kanalda siçovul bilərək tüfənglə vurub.

Xəstəxanada həkimlərə oğlumu Bakıya aparmaq istədiyimi dedim. Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu və onu Bakı şəhərinə aparmağın mümkün olmayacağını bildirdilər. Bir neçə dəqiqə sonra oğlum keçindi".

Qalib Nağıyevin sözlərinə görə, bir qədər sonra onlara rayon prokuroru, polis şöbəsinin rəisi, eləcə də digər əməkdaşlar gəliblər: "Rayon prokuroru meyitin yarılmasının zəruri olduğunu və bu barədə rəhbərliyə məlumat verəcəyini dedi. Prokurorun göstərişinə əsasən, həyətdə meyitin müayinə olunmasından ötrü yer düzəltdik və meyit Beyləqan rayonunun tibbi-eksperti tərəfindən müayinə olundu. Prokuror-ekspertdən güllənin tapılmasından ötrü lazımi hərəkətlərin edilməsini xahiş etdim.

Oğlumun qulağının dibində 1 ədəd güllə aşkarlandı. Həmin vaxt ekspert gülləni çıxararaq prokurora göstərdi. Prokuror: "Ay alçaqlar, "Toz-8" markalı ov tüfəngi ilə vurublar" sözünü işlətdi. Meyitin tam müayinəsindən sonra dəfnə icazə verildi".

"Ən ağır cəzanın verilməsini xahiş edirəm"

Qalib Nağıyevin sözlərinə görə, hadisədən bir müddət sonra təqdim olunan ekspert rəyində meyitin baş nahiyəsindəki yaranın kor yara olduğu, müayinə zamanı güllənin aşkar edilmədiyi, başqa sözlə, güllənin mərhumun kəllə sümüyündə qaldığı yazılmışdı: "Güllənin tapılaraq çıxarılması məqsədilə vəsatət verdim. Bir neçə gündən sonra oğlumun meyiti eksqumasiya olundu. Qəbiristanlığa rentgen aparatı gətirildi, meyitin bir neçə vəziyyətdə şəkli çəkildi.Bildirildi ki, meyitin kəllə nahiyəsindən hər hansı güllə aşkar olunmayıb. Hənifə Əliyevin cinayəti törətdiyi "Toz-8" markalı tügəng 7 il olar ki, oğlu İlham Əliyevdə idi. İstintaqın gəldiyi nəticə ilə razıyam. Oğlumun öldürülməsi cinayəti Hənifə Əliyevin ifadəsində göstərdiyi kimi ehtiyatsızlıq nəticəsində deyil, qisas almaq məqsədilə qəsdən törədilib. Hənifə Əliyevi və onun oğlu Ilham Əliyevi bağışlamıram və məhkəmədən onlara ağır cəza verilməsini xahiş edirəm".
Məhkəmənin hökmü ilə Hənifə Əliyev 13 il 6 ay, İlham Əliyev isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hənifə Əliyev apelyasiya şikayəti verərək əməlinin ehtiyatsızlıqdan hadisənin baş verməsi ilə əvəz olunmasını, İlham Əliyev isə günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hökmdən narazı qalan Baş Prokurorluq protest verərək İlham Əliyevə aid hissədə hökmün dəyişdirilməsini və onun barəsində 7 il müddətinə cəzanın təyin olunmasını tələb edib. Zərərçəkmiş tərəf də şikayət verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyiblər.

Bütün şikayətlərə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: