1 Aprel 2016 14:57
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sahil bağında qətl törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı Elçin Çobanovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin yanvarın 6-da “Sahil” bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.

Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb.

Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Çobanov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elçin Çobanov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Hacı Zeynalov


Müəllif: