6 Aprel 2016 11:22
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcazəsiz beynəlxalq rabitə xidməti təşkil edən şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, icazəsiz beynəlxalq rabitə xidmətinin təşkilinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı xarici ölkə vətəndaşları Basit Abdul və İqbal Tanveerin həmyerliləri Tahir adlı şəxslə cinayət əlaqəsinə girərək paytaxtın Nərimanov rayonunda kirayə götürdükləri mənzildə quraşdırdıqları avadanlıqlardan istifadə edərək “Azərfon”, “Azercell” və “Bakcell” MMC-lərə məxsus nömrələr vasitəsi ilə mobil operator şəbəkələrinə birtərəfli telefon danışıqları təşkil edən “SİMBOX” avadanlığı üzərindən “Xüsusi razılıq” (lisenziya) tələb olunduğu halda belə razılıq almadan beynəlxalq rabitə xidmətlərini təşkil etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq dövlətə külli miqdarda, yəni 7 min 500 manat məbləğində ziyan vurmalarında şübhələr üçün əsaslar olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada “xüsusi razılıq” (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: