6 Aprel 2016 18:39
207

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu böyük ticarət mərkəzində bomba həyəcanını yaşanması ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nizami rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılıb.

Belə ki, aprelin 4-də saat 18:19-da naməlum şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən taksofondan Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq Faiq adlı tanışının Nəsimi rayonunda fəaliyyət göstərən “28 Mall” ticarət mərkəzinin “Bazarstore” mağazasına bomba qoyması barədə yalan məlumat verməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 216-cı ( terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: