7 Aprel 2016 17:55
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adam oğurluğunda təqsirli bilinən 1984-cü il təvəllüdlü Ağdam rayon sakini Zamir Əhmədov və 1985-ci il təvəllüdlü Şərur rayon sakini Ruslan Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Zamir Əhmədov 4 il yaşadığı Samirə Əliyevanı (ad və soyad şərti verilib) qaçırmaq barədə tanışı Ruslan Rzayevlə razılaşıb. Onlar ötən il iyunun 7-də saat 14 radələrində Şəki şəhərində mərkəzi poçtun qarşısında Samirə Əliyevanı “KİA OPTİMA” markalı avtomobilə mindirərək Bakı istiqamətinə aparıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən adam oğurluğu) maddəsi ilə ittiham ediliblər. Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Şikayət Şəki Apelyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Samirə ilə münasibətlərim sonradan pozuldu”

Təqsirləndirilən şəxs qismində ifadə verən Zamir Əhmədov Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyib: “Samirəni təxminən 4 il əvvəl tanımışam və bu müddət ərzində onunla ər-arvad kimi yaşamışam. Lakin sonra Samirə ilə münasibətlərim pozuldu. Dəfələrlə Samirə ilə barışmaq istəmişəm. Telefon vasitəsi ilə əlaqə saxlasam da, Samirə barışmaq istəmirdi. Samirədən ötrü darıxmışam və onu görmək üçün Şəkiyə gəlmişəm”.

“Zorla maşına otuzdurdum”

Zamir Əhmədovun sözlərinə görə, iyunun 7-də dostu Ruslanı da götürərək özünə məxsus “Kia Optima” markalı avtomobillə Şəkinin mərkəzi poçtunun qabağına gəlib: “Gəlişimi nə Samirəyə, nə də onun anası Püstəxanıma demişdim. Püstəxanıma zəng edərək Samirənin adına 30 manat göndərdiyimi, pulu mərkəzi poçtdan götürməsini istədim.

Ancaq həqiqətdə Samirəyə pul göndərməmişdim. Samirə ilə görüşməkdən ötrü onun poçta gəlməsi üçün yalan danışmışam. Samirə Şəki mərkəzi poçtuna tək girib-çıxanda ona yaxınlaşdım. Söhbət etmək istədiyimi dedim”.

Samirə söhbətdən imtina edib: “Samirəyə Bakıdan onu görməyə gəldiyimi, kənara çəkilərək bir neçə dəqiqə söhbət edib, sonra gedəcəyimi bildirdim. Sonra maşında söhbət etməyi təklif etdim. Lakin Samirə razı olmadı. Belə olanda Samirənin qolundan tutaraq maşının qapısını açdım və zorla onu maşına otuzdurdum. Maşını Ruslan idarə edirdi, şəhərdən çıxdıq”.

Zamir Əhmədov bildirib ki, niyyəti Samirə ilə söhbət etmək, barışmaq, sonra onu yaşadığı Çeşməli kəndinə, evlərinə qaytarmaq olub: “Maşında olan müddət ərzində Samirəyə mənimlə barışmağı, əvvəlki kimi bir yerdə yaşamağımızı xahiş etdim. Ancaq o, razı olmadı.

Oğuz yolu ilə gedərkən qarşıdan gələn dövlət yol polisinin maşınını gördüm. Ruslanın sürücülük vəsiqəsi yox idi. Bunun üçün Ruslana dedim ki, maşını saxla, özüm sürəcəm. Yerimizi dəyişdik. Sükan arxasına keçən vaxt Samirə maşından düşüb Dövlət Yol Polisinin maşınına tərəf getdi, çatıb həmin maşına mindi”.

“Məqsədim Samirə ilə barışmaq olub”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra onlar yollarına davam edib və Bakı şəhəri istiqamətində hərəkət ediblər: “Saat 20 radələrində Bakı yolunda olan Nəvai postunda məni saxlatdılar. Şəki polis şöbəsinin əməkdaşları gələrək məni və Ruslanı şöbəyə qaytardılar. Dörd ilə yaxın yaşadığım qadını öz maşınıma mindirərək söhbət etməyin cinayət olduğunu bilməmişəm.

Məqsədim Samirə ilə barışmaq idi. Öz istədiyi qadınla görüşmək cinayət sayıla bilməz. Mən heç bir cinayət törətməmişəm”.

Eyni məzmunlu ifadə verən digər təqsirləndirilən Ruslan Rzayev də özünü təqsirli bilməyib. Hər ikisi bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim heyəti təqsirləndirilən şəxslərin apelyasiya şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif: