7 Aprel 2016 18:22
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sabir Abbasovun barəsindəki hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Sabir Abbasov barəsində çıxarılan 3 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası azaldılaraq 1 il 1 ay yarıma endirilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, 2015-ci ilin fevral ayının 7-də Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dələduzluqla məşğul olan şəxsi yaxalayıb.

Belə ki, Bakı şəhərində yaşayan, Binəqədi rayonunda fəaliyyət göstərən “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü “Həzrət Sabir” kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olub. Guya o, mistik qüvvələrin köməkliyi ilə şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını, işsizlik problemlərinin həllini vəd etməklə onları aldadıb.

Belə hüquqazidd əməllərinin müqabilində S.Abbasov adıçəkilən mərkəzə müraciət edən şəxslərdən dələduzluq yolu ilə xeyli miqdarda pul alıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, cinayət başında tutulub.

S.Abbasov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunub.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə S.Abbasov 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Hacı Zeynalov


Müəllif: