2 May 2016 15:34
280

Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində “İnstagam” və “Facebook” sosial şəbəkələrində saxta profillər vasitəsi ilə özünü guya onlayn silah satan şəxs kimi təqdim edərək çoxsaylı vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların külli miqdarda pul vəsaitlərini ələ keçirən Şəki rayon sakini Elşən Ağaməmmədzadə saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, Elşən Ağaməmmədzadə “İnstagam” sosial şəbəkəsində yaratdığı “arif_memmedov.85”, eləcə də “baku_orujie_online” adlı səhifələrdə travmatik və pnevmatik silahların internetdən götürdüyü şəkillərini yerləşdirərək onların satışını apardığını elan edib.

Silah almaq istəyən şəxslər online sistemlər vasitəsi ilə ödəniş edəndən sonra Elşən Ağaməmmədzadə zərərçəkənlərin pullarını banklarda olan şəxsi hesablarına köçürüb və nağdlaşdıraraq ələ keçirib.

Fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hacı Zeynalov


Müəllif: