18 İyun 2014 17:31
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümündə, üç nəfərin yaralanmasında təqsirli bilinən Emil Mikayılovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Buzovna-Maştağa yolunda Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Emin Mikayılov idarə etdiyi “Opel” markalı avtomaşını yolun kənarındakı hasara vurub.

Nəticədə Emil Mikayılovun sərnişini Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Fəttah Əhmədov hadisə yerində ölüb, sürücü və avtomobildə olan digər sərnişinləri Nizami Əhmədov, Elçin Ələmov və Əlizamin Əhmədzadə isə ağır xəsarətlə 3 saylı Klinik Xəstəxanaya yerləşdirilib. Yaralılara tibbi yardım göstərilməsi nəticəsində həyatlarını xilas etmək mümkün olub.

İstintaq araşdırması zamanı baş verən qəzanın törədilməsində Emil Mikayılov təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Emil Mikayılovun barəsində həm ibtidai istintaq, həm də məhkəmə araşdırması zamanı həbs seçilməyib. O, polis nəzarəti altında saxlanılıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Emil Mikayılov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qəti imkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.


Hacı Zeynalov


Müəllif: