19 İyun 2014 11:37
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində daxili qoşunların hərbi qulluqçuları – Zaur Rzayev və digər şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Zaur Rzayev, Anar Bağırov və Elyar Abbasovun apelyasiya şikayəti üzrə keçirilən prosesdə müdafiəçilər vəsatətlə çıxış ediblər. Müdafiəçilər apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə aparılmasını istəyiblər.

Lakin hakimlər vəsatəti təmin etməyiblər və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar açıqlayıblar. Qərardan müdafiə tərəfi narazı qalıb və Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Müdafiəçilər kasasiya şikayətlərində Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarının ləğv edilməsini və şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər.
İlkin baxış iclasının qərarından şikayət verildiyi üçün apelyasiya şikayətinə baxılması dayandırılıb və cinayət işinin materialları Ali Məhkəməyə göndərilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Zaur Rzayev 4 il, Anar Bağırov 4 il, Elyar Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Zaur Elman oğlu Rzayev Daxili Qoşunların hərbi hissəsində əsgərlərdən kazarmanı təmir etmək adı ilə 1400 manat rüşvət alıb. Ümumilikdə əsgərlərdən 14 min manat pul yığılıb.

Ötən il aprelin 8-də Zaur Rzayev, Anar Bağırov və Elyar Abbasov həbs edilib. Təqsirləndirilən şəxslər təxris olunan əsgərlərin şikayəti əsasında həbs olunublar.

Təqsirləndirilən şəxslər 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunublar.

Təqsirləndirilən şəxslər Bakı Hərbi Məhkəməsinin hökmündən narazı qalıblar. Onlar apelyasiya şikayəti veriblər və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Hacı Zeynalov


Müəllif: