17 May 2016 12:27
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi Sumqayıtda idman-mərc oyunlarının təşkili ilə məşğul olan fiziki şəxslərə məxsus obyektlərdə operativ vergi nəzarəti tədbirləri keçirib.

Nazirliyin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, tədbirlər zamanı bir sıra obyektlərdə qanunsuz idman-mərc oyunları və lotereyaların təşkil edildiyi aşkar olunub.

Fiziki şəxs Cahangirli Xəqani Qismət oğluna məxsus obyektdə vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi faktları müəyyən olunub. Vergi orqanları əməkdaşları tərəfindən qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülərək müvafiq qaydada “İnzibati xəta haqqında” protokol tərtib edilib.

Fiziki şəxs Mirzəyev Ramil Vaqif oğluna məxsus obyektdə vergi orqanında qeydiyyatdan keçməyən fiziki şəxs Cabbarov Rövşən Cabbar oğlunun fəaliyyət göstərdiyi müəyyən edilib. R.Cabbarov barəsində “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə” akt tərtib olunub. Obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi fəaliyyəti ilə məşğul olma faktları müəyyən edilib. Vergilər Nazirliyinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən, qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülərək müvafiq aktlar və “İnzibati xəta haqqında” protokol tərtib edilib.

Operativ vergi nəzarəti tədbiri zamanı Ramil Mirzəyevin Sumqayıt şəhərində yerləşən digər obyektində də qanunsuz mərc oyunlarının keçirildiyi müəyyənləşdirilib. Həmin obyektdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, akkreditasiyasız idman mərc oyunlarının keçirilməsi faktları öz təsdiqini tapıb.

Operativ vergi nəzarəti tədbirləri zamanı fiziki şəxslər Əliyev Rəşad Çingiz oğluna, Bəşirov Ramiz Ağadadaş oğluna, Rəsulov Rəşad Hafiz oğluna məxsus obyektlərdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu və akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və keçirilməsi faktları aşkar edilib. Qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər obyektdən götürülərək, müvafiq aktlar və “İnzibati xəta haqqında” protokol tərtib edilib.

Operativ vergi nəzarəti tədbirlərinin nəticələri üzrə tərtib edilmiş sənədlər qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilib.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, qanunsuz idman-mərc oyunları, habelə lotereyaların təşkili və keçirilməsi ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər davam etdiriləcək.

Naibə QURBANOVA


Müəllif: