18 May 2016 16:54
201

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Dağ yəhudiləri” dini icmasının evindən quldurluqla külli miqdarda pulu ələ keçirməkdə təqsirli bilinən Eldar Avadyayev, Xalid Seyidov, Coşqun Əliyev, Əfqan İbrahimov və Türkanə Rəhmanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Eldar Avadyayev 2014-cü ilin 6 dekabr tarixində “Dağ yahudi”ləri dini icmasının sədri Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Xalid Seyidov, Coşqun Əliyev, Türkanə Rəhmanova və Əfqan İbrahimov ilə əlbir olublar.

Onlar balta və bıçaqla silahlanaraq tanınmamaları üçün maska taxaraq həmin gün səhər saat 07 radələrində Xalid Seyidovun “İnfiniti” markalı avtomobili ilə Boris Sumanduyevin evinin qarşısına gəliblər.

Onlar evə daxil olaraq ev sahibini və bacısı Liza Simanduyevanı döyərək xəsarət yetiriblər. Liza Simanduyeva basqınçılara müqavimət göstərərkən Coşqun Əliyev onu bıçaqlayıb.

Bundan sonra özləri ilə gətirdikləri skotçla hər iki şəxsin əllərini və ağızlarını bağlayıb evi axtarmağa başlayıblar. Eldar Avadyayev Qırmızı qəsəbədə yerləşən Sinaqoqda 20 min manat pul olduğunu öyrəndikdən sonra oranın açarlarını Borisdən alaraq Türkanə ilə birgə Sinqaqoqa gedib. Amma bir neçə dəfə cəhd etməsinə baxmayaraq oranın qapısını aça bilməyib. Eldar və Türkanə Sinaqoqdakı pulu götürə bilməyib təkrar evə qayıdıblar.

Eldar evin mətbəxindəki seyfin qapısını balta ilə sındıraraq içərisindəki 395 min dollar, 91 600 manat və 28 min rubl pulu və müxtəlif sayda qızıl-zinət əşyalarını, qol saatlarını, qızıl sikkələrini götürüblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü (quldurluq) maddələri ilə ittiham edilirlər.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışının vaxtı hələlik təyin olunmayıb.

Hacı Zeynalov


Müəllif: