19 İyun 2014 15:04
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində pul üstündə həkimi öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Ağayevanın məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin mayın 25-də tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyev Nərimanov rayonu, H.Əliyev küçəsi, ev 92, mənzil 8-də öldürülüb.

Həkimin öldürüldüyü mənzil ona aid olmayıb, həmin mənzili dostları ilə birlikdə kirayələdikləri məlum olub. Cavid Həmişəyev kirayə qaldığı evə yüngül həyat tərzi sürən və narkotik vasitə aludəçisi olduğu ehtimal olunan Türkan Bağırlı ilə gəlib.

Daha sonra isə iki nəfər evə gəlib və qətl hadisəsi baş verib. Mərhuma məxsus 90 NU 363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobilin də yerində olmadığı müəyyənləşib. Avtomobil daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən “20 yanvar” dairəsində saxlanılıb. Avtomobildə olan şəxslər – Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədov tutulub. Onların cinayəti tamah məqsədilə törətdikləri məlum olub. Avtomobilə baxış zamanı isə mərhumun şəxsi əşyaları, sənədləri, Koroğlu Məmmədovun cinayəti törədəndə geyindiyi paltarlar, ümumilikdə 670 manat pul götürülüb. Qətldə istifadə olunan iki ədəd bıçaq isə Buzovna qəsəbəsindəki zibillik ərazisindən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddələri ilə ittiham edilir.

Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Lakin hakimlər hazırlıq iclasını başa çatdıra bilməyiblər. Hazırlıq iclasının davamı iyunun 20-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: