19 May 2016 12:03
1 418

Şəki Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Zaqatala rayon sakini, 14 yaşlı Murad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin oktyabrın 14-də, 21 radələrində Zaqatala şəhəri, Vidadi küçəsində qeydə alınıb. Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan, 1999-cu il təvəllüdlü İbrahim Əsədzadə bıçaqlanaraq qətlə yetirilib. Murad İbrahimə ümumilikdə 10 bıçaq zərbəsi vurub.

Məlum olub ki, İbrahim Əsədzadəni Zaqatala şəhər sakini, 2001-ci il təvəllüdlü Murad Məmmədov qətlə yetirib. 14 yaşlı Murad Məmmədov tutularaq istintaqa təhvil verilib. Hər iki şəxsin məktəbli olduğu məlum olub.

İbrahim Əsədzadə anası ilə birlikdə Zaqatala şəhərində kirayədə yaşayıb. İbrahim Əsədzadə Zaqatala şəhər 3 saylı məktəbinin 11-ci sinif şagirdi olub. İbrahimin atası anasından ayrılıb və hazırda Rusiyada yaşayıb.

Murad Məmmədov istintaqa ilkin ifadəsində mərhum İbrahim Əsədzadənin hadisədən iki gün əvvəl onu təhqir etdiyini bildirib. Murad Məmmədov bu təhqiri özünə sığışdırmayaraq İbrahim Əsədzadəni cəzalandırmaq üçün plan qurub.

O, oktyabrın 14-də, axşam evdən bıçaq götürərək repetitorun yanına məşğələyə gedib. Məşğələdən sonra isə İbrahim Əsədzadənin evinə gələrək onu söhbət üçün bayıra çağırıb. Murad Məmmədov ondan üzr istəməyi tələb edib. İbrahim Əsədzadə isə bu barədə hətta düşünmədiyini də bildirib. Belə olan halda Murad Məmmədov bıçağı çıxararaq ona zərbələr endirib.

Murad Məmmədov ifadəsində bildirib ki, əgər İbrahim Əsədzadə ondan üzr istəsəydi, onu öldürməyəcəkdi.

Murad Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Məhkəmənin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: