19 May 2016 18:59
5 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sifarişli qətl, quldurluq və narkotik maddələrin satışında təqsirli bilinən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb.

Dəstə üzvləri Oruc Şirəliyevin qətlini sifariş verməkdə, qətli icra etməkdə və digər ağır cinayətlərdə ittiham ediliblər. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mustafayev ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay, Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay, Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com-a bu cinayət işi üzrə materiallar daxil olub. Hadisənin şok təfərrüatlarını təqdim edirik.

əvvəli burada: http://teleqraf.com/news/97838

Cinayət işi üzrə ifadə verən Sevinc Şirəliyeva elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib 1990-cı ilin iyun ayında Orucla ailə qurub, 1992-ci ildə Bürhan, 1999-cu ildə isə Mərdan adlı uşaqları doğulub.

Onun sözlərinə görə, ərinin öldürülməsini kənardan bilsə də, bunu gizlətdiyinə görə özünü təqsirli bilir: “Narkotik vasitələrdən, silahlardan xəbərim yoxdur. Bandanın hərəkətlərində iştirak eməmişəm. Oğlum Bürhanın isə bu işlərdə əli olmasından xəbərim olmayıb”.

“Qaynımın oğlu məni zorladı”

Sevinc Şirəliyeva bildirib ki, 1995-ci ildə Oruc növbəti dəfə Rusiyaya gedib, Nijnıy Novqorod şəhərində kişi köynəklərinin, qalstukların alveri ilə məşğul olub və 2 ildən sonra qayıdıb: “Bununla belə, Oruc mənə az pul verdiyindən və qənaətcil olmağı tələb etdiyindən aramızda mütəmadi olaraq mübahisələr olub. 1998-ci ildə Orucla hazırda yaşadığımız həyəti almışıq və ev tikib oraya köçmüşük. Qaynım Məmmədin oğlu Zaur 2000-ci ildə Şəki şəhərində Texnologiya texnikumunda tələbə olanda Orucun tələbi ilə məni tək buraxmamaq üçün onların evində qalmışam. Həmin vaxtlarda bir dəfə evdə paltarımı dəyişəndə Zaur otağa girib və məni zorlayıb”.

“Qaynım oğlu intim əlaqədən sonra məndən pul tələb etdi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Zaur həmin axşam özünü saxlaya bilmədiyini, bir daha belə hərəkət etməyəcəyini deyib və ondan üzr istəyib: “Lakin növbəti günlərdə Zaur yenidən mənə təcavüz etdi. Beləcə mənim Zaurla intim yaxınlığım başlandı. Bu münasibət təxminən 1 il davam etdi. Bundan da istifadə edən Zaur əslində mənə və oğullarıma faktiki başçılıq etdi, evdə olan pulları istədiyi kimi xərclədi”.

Sevinc Şirəliyeva bildirib ki, sonradan Zaur əsgərliyə gedib və onun əsgərliyinin tamamlanmasına təxminən 3-4 ay qalmış, yəni 2003-cü ilin avqustunda Şəki şəhərində Arif Mərdanovla telefon vasitəsi ilə tanış olub: “Bundan sonra Ariflə intim görüşlərim başladı. Həmin ərəfədə bir dəfə Ariflə ev telefonu vasitəsi ilə danışanda Zaurun mənə təcavüz etdiyini danışdım. Bildirdim ki, Zaurla cinsi əlaqədə olandan sonra məndən pul tələb edir, mən də ona evdə olan puldan verirəm. Arif də daha Zaurla intim münasibət saxlamamağımı məsləhət gördü”.

“Pulu atamdan tələb etməyə başladı”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin ərəfədə Oruc növbəti dəfə Rusiyadan gəlib və evdə olan pulların hesabını aparanda 7 min dollar əskik çıxıb: “Mən də pulların Zaur tərəfindən xərcləndiyini, Zaurla münasibətinin açılmaması üçün Oruca yalandan pulun evdən oğurlandığını deməyə məcbur oldum. Pulları düzəltmək məqsədi ilə bir “Ford” alaraq Şəki-Bakı reysi ilə işlətmək üçün Arifə versəm də, Arif mikroavtobusu işlədə bilmədi. Oruca növbəti dəfə yalan danışaraq pulu atama borc verdiyimi dedim. Oruc isə pulu atamdan tələb etməyə başlamdı. Atam hətta özünə məxsus “Xançinar” kafesini satıb borcu ödəyəcəyi barədə Oruca kağız da yazıb verdi”.

“Ərimi ailəsinin namusu yox, pul maraqlandırırdı”

Sevinc Şirəliyevanın sözlərinə görə, bu hadisədən sonra Oruca pulu Zaurun xərclədiyini və onu zorladığını deyib: “Oruc isə özünü guya heç nə olmamış kimi apardı. Pulu isə yenə də məndən tələb etdi. Ərimi ailəsinin namusu yox, pul maraqlandırırdı. Buna görə də Şəki məhkəməsinə ərizə verərək boşanacağımı dedim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2008-ci ilin aprel ayında Oruc növbəti dəfə Şəkiyə gələndə ailənin pozulmaması üçün bir daha pul söhbətini dilinə almayacağını bildirib və yenidən Rusiyaya gedib: “İyun ayında isə oğlum Mərdanı da götürərək Nijnıy Novqoroda Orucun yanına getdim. Oruc və Bürhan orada Kanavinsk rayonunda həyət evində kirayədə yaşayırdı. Orada olanda Oruc “Arif kimdir, onu necə tanıyırsan, niyə daim bizim qapıda dayanırmış?” deyə soruşdu. Onun taksi sürücüsü olduğunu, başqa münasibətilərimin olmadığını bildirdim”.

“Qazandığım pullarla kreditlərimi bağlamışam”

Sevinc Şirəliyeva qeyd edib ki, həmin ilin sentyabrında Mərdanla birlikdə Şəkiyə qayıdıb. Onun sözlərinə görə, 2009-cu ilin yayında bankdan kredit götürərək “Calğalı bulaq” deyilən yerdə “Jessika” adlı gözəllik salonunu, daha sonra Eyvaz adlı Qarabağ əlilinin gözəllik salonunu işlədib: “Lakin xeyir götürə bilməmişəm. 2011-ci ilin sentyabr ayında növbəti dəfə Orucla telefon danışığında dalaşdım və Mərdanı da götürərək Bakıya gəldim. “Çin” restoranı tərəfdə kirayə mənzildə yaşadıq. Bakıda iş axtarsam da, tapa bilmədim. Paytaxtda müxtəlif adamlarla intim yaxınlıq edib pul qazandım. Qazandığım pullarla kreditlərimi bağlamışam”.

Sevinc Şirəliyeva bildirib ki, 2012-ci ilin mayında internet vasitəsi ilə əslən Şəkidən olan Vüsal adlı şəxslə tanış olub: “Vüsalla sentyabr ayında Bakıda görüşdük. Öz arvadı və 2 uşağı ilə Şəkidə yaşayan Vüsal məni pis yoldan çəkindirəcəyini desə də, əslində mənim cinsi əlaqədə olduğum kişilərdən qazandığım pulu xərcləyib, kirayədə qaldığım evdə mənimlə birlikdə yaşayıb”.

(Ardı var)

Hacı Zeynalov


Müəllif: