1 İyun 2016 13:12

Bu gün Nizami rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan jurnalist Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elçin Həsənov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Elçin Həsənovun 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə ifadə verən zərərçəkmiş Cəfər Cəfərov Elçin Həsənovdan şikayəti olmadığını bildirib və şikayətini geri götürüb.

Elçin Həsənovun barəsində “Asiya” agentliyinin keçmiş rəhbəri Cəfər Cəfərovun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

Elçin Həsənova qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi açılıb. Elçin Həsənovla Cəfər Cəfərovun arasında mübahisə olub və bundan sonra Cəfər Cəfərov şikayətçi olub.
Bu hadisədən sonra Cəfər Cəfərov da başqa bir cinayət işi ilə bağlı həbs edilib. İttihama görə, 2015-ci il martın 4-də həyata keçirilən tədbirlərlə “Asiya” İnformasiya Agentliyinin baş redaktoru Cəfər Cəfərov paytaxtın Nizami rayonu ərazisində Masallı rayon sakini Sakit Məcidovdan hədə-qorxu ilə tələb etdiyi külli miqdarda ABŞ dollarını alarkən yaxalanıb.

Müəyyən edilib ki, Cəfər Cəfərov tanışları Sevinc Məmmədsalayeva, Fatmaxanım Qasımova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olub vətəndaşlardan şantaj yolu ilə pul tələb ediblər.

Onlar bu niyyətlə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birində zərərçəkənlə görüşmüşlər. Onda qadınlarla bir yerdə olarkən gizli çəkilmiş fotoşəkillərinin və səs yazısının olduğunu bildirən dırnaqarası baş redaktor rüsvayedici materialları kütləvi informasiya vasitələrində yayacağı hədəsi ilə 5000 manat tələb edib.

Cəfər Cəfərov Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri (hədə-qorxu ilə tələb etmə) ilə ittiham edilir. Cəfər Cəfərovun şikayəti işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...