1 İyun 2016 19:15
5 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sifarişli qətl, quldurluq və narkotik maddələrin satışında təqsirli bilinən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb.

Dəstə üzvləri Oruc Şirəliyevin qətlini sifariş verməkdə, qətli icra etməkdə və digər ağır cinayətlərdə ittiham ediliblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Mustafayev ömürlük, Sevinc Şirəliyeva 15 il, İqbal Cumayev 15 il, Elçin Məmmədov 14 il, Bürhan Şirəliyev 15 il, Ruslan Rəfiyev 8 il 6 ay, Mikayıl Mustafayev 10 il 6 ay, Rüfət Hüseynəliyev 10 il 6 ay, Kamran Qafarov 12 il 6 ay, Rüfət Nurəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com-a bu cinayət işi üzrə materiallar daxil olub. Hadisənin şok təfərrüatlarını təqdim edirik.

Əvvəli bu linklərdə:

http://teleqraf.com/news/97838

http://teleqraf.com/news/97975

http://teleqraf.com/news/98107

http://teleqraf.com/news/98340

http://teleqraf.com/news/98448

http://teleqraf.com/news/98652

http://teleqraf.com/news/98898

http://teleqraf.com/news/99135

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Məmməd Şirəliyev bildirib ki, qardaşı Oruc 1991-ci ildə Sevinclə ailə qurub, Bürhan və Mərdan adlı uşaqları olub: “Oruc 1993-ci ildə ailəsini ata evində qoyaraq Rusiyanın Nijnıy Novqorod şəhərinə getdi. Orada işi yaxşı alındığından paltar mağazası açıb işlətməyə başladı. Oruc hər il 1-2 dəfə Şəkiyə gəlib”.

“Sevincin başqa kişilərlə gəzməsi söhbəti yayıldı”

Məmməd Şirəliyevin sözlərinə görə, camaatın arasında Sevincin başqa kişilərlə, o cümlədən taksi sürücüsü Ariflə münasibət saxlaması barədə söhbət gəzib: “Həmin il Oruc növbəti dəfə Şəkiyə gələndə bacılarımız Güldəstə və Xumar bunu Oruca dedilər. Oruc da öz bacanağı Nemətdən Arifin evinin yerini öyrəndi. Oruc ünvanı öyrənəndən sonra Arifin üstünə getdi. Lakin Arif gizləndiyinə görə, onu tapa bilmədi. Həmin vaxtlar Oruc 3 ədəd “Qazel” alaraq Şəkidə marşrut xəttinə buraxıb. Həmin maşının birini Mahirə, birini də Abdulbər adlı adama verib. Hər ay Orucun evinə, yəni Sevincə hər marşrutdan 110 manat verilib”.

“Dedi ki, qadını təkcə pul qane etmir”

Məmməd Şirəliyev bildirib ki, Oruc hər ay Rusiyadan evinə pul göndərib: “Elə həmin vaxtlar Oruc evindən 20 min manat dəyərində pul və qızıl əşyaların yoxa çıxdığını bildi. Oruc buna görə Sevinclə mübahisə etdi. Sevinc də bunu bəhanə edərək Orucdan boşanmaq üçün Şəki rayon Məhkəməsinə ərizə verdi. Oruc evdən pul yoxa çıxması məsələsini qohumu Hüşənglə məsləhət etdi”.

Zərərçəkmiş qeyd edib ki, Oruc budan sonra Bilala satacağı kafenin pulundan 20 min manat götürəcəyi barədə kağız alıb: “Orus deyib ki, hər şeyi satıb gedəcəm. Həmin vaxt Bilal Oruca deyib ki, qadını təkcə pul qane etmir, gərək yanında kişi olsun. Bundan sonra Oruc arvad-uşağını da götürərək Nijnıy Novqoroda apardı”.

“Sevinc barları gəzirdi”

Məmməd Şirəliyevin sözlərinə görə, 2-3 aydan sonra Sevinc guya hansısa sənədləri düzəltmək adı ilə Şəkiyə qayıdıb və bir daha ərinin yanına getməyib: “Oruc isə Şəkiyə gələndə dedi ki, Sevinci orada saxlaya bilmədim, mən evdən çıxan kimi o da çıxıb parkları, barları gəzirdi, məcbur olub Şəkiyə qaytardım”.

Zərərçəkmiş bildirib ki, 2007-ci ildə Sevinc əvvəlcə Şəkidə “Calğalı bulaq” adlanan ərazidə, sonra isə texnikumun yanında gözəllik salonu açıb və işlətməyə başlayıb: “Sevinc özünə “Seva xanım” ləqəbini götürmüşdü. Daha sonra onun Bakıda hansısa gözəllik salonunda işləməsi xəbəri yayıldı. Sevinc hər dəfə Orucun gəlməsi ərəfəsində Şəkiyə gəlib və Oruc gedəndən sonra Bakıya qayıdıb. Bürhan atasının, Mərdan isə nənəsinin yanında qalıb. Adətən Orucun gəlməsindən əvvəl Sevinc guya evdən pul oğurlandığı barədə bəhanələr uydurub”.

“Sevinc zorlandığını və pulların aparıldığı xəbərini yaydı”

Məmməd Şirəliyevin bildirdiyinə görə, Sevinc bir dəfə hətta otağın divarını və yataq dəstinin döşəyini də özü bıçaqla kəsib: “Sevinc belə hərəkətlər etməsinin səbəbi isə guya gecə kiminsə onu zorladığı və pulları apardığı barədə fikir yaratmaq idi. Lakin bir dəfə də olsun polisə bu barədə müraciət etməyib. Orucu isə məharətlə ələ alıb. Sevincin yalanlarını Oruca başa salmaq istəsəm də, Oruc ailəsini dağıtmaq istəməyib”.

Mərhumun qardaşı qeyd edib ki, 2013-cü ilin mart ayında Oruc növbəti dəfə Şəkidə olarkən evinin həyətində daha bir ev tikib: “Bürhan isə Nijnıy Novqorodda Orucun işlərini idarə edib, aprel ayının 9-da Oruc Bakı şəhərindən avtobusla Nijnıy Novqoroda gedib. 13 aprel 2013-cü ildə, səhər saatlarında evimə Rusiyadan yaxın adamlar zəng vurdu və “dünən axşamüstü Orucu evinin yaxınlığında bıçaqlayıblar” xəbərini verdilər. Həmin axşam Orucun xəstəxanada ölməsi xəbəri çıxdı”.

“Vüsalı Sevincgilin həyətində gördüm”

Məmməd Şirəliyev qeyd edib ki, 17 aprel 2013-cü il tarixdə Orucun meyiti Rusiyadan gətirilib: “Bürhan isə həmin gün Şəkiyə özünün idarə etdiyi təzə “Vaz-2107” markalı maşınla gəldi. Yas yerində Rusiyadan gələnlər hadisə günü avtobus sahiblərinə Nijnıy Novqoroddan 2-3 dəfə zəng olduğunu, Orucun bir nəfər maskalı şəxs tərəfindən bıçaqla vurulduğunu dedilər. Vüsalı aprelin 16-da Sevincgilin həyətində gördüm. Bu zaman Vüsal “mən zəng vuracağam, Azərbaycanın konsulu Nijnıy Novqoroda gələcək, xüsusi təyinatlıları oraya tökdürəcəyəm, qatili tapacağıq”, deyə əsib-coşdu. İçəri keçəndə arvadlardan bu həyətdə belə danışan oğlanın kim olduğunu soruşdum. Sevincin bacısı Səbinə və xalaları dodaqaltı qımışdı və bildirdilər ki, 10 il əvvəl Nemət müəllimin gəlini ilə intim əlaqə zamanı tutulan oğlandır. Həmin oğlanın anası Məlahət 7 saylı məktəbin keçmiş müəlliməsi olub. Bu adamın həmin Vüsal olduğunu biləndə sonra həyətə çıxdım və Vüsala “ölü yiyəsi mənəm, nə qədər ki, mən burdayam, qaynatası da burdadır, sən ağzını açıb danışmayacaqsan” deyə bildirdim. Vüsalın əslində Sevinclə faktiki əri kimi yaşadığını, Sevincin də Orucun pullarını, qızıllarını Vüsala xərclədiyini, Bürhan və Mərdanın da bunu bildiklərini çox sonralar polis işçilərindən eşitdim”.

Hacı Zeynalov


Müəllif: