24 İyun 2014 09:54
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya nəhəng bir “melting pot”, yəni “əritmə qazanı” imiş.

Dünyadakı həmən-həmən bütün ölkələrdə aparılan DNA yoxlanışları bu qazanda “bişən”, yaxud bişməyə qoyulan çox söhbəti dovğa kimi çürütdü.

Dinlərlə, millətlərlə, tarixi şəxsiyyətlərlə bağlı bütün miflər dağılır, bütün streotiplər qırılır.
Bir də baxırsan bir-birinə qənim kəsilən, fərqli dillərdə danışan, “sən gəlməsən” deyəniki qonşu millətin az qala yarısının kökəni eyni çıxır.

Bir də baxırsan, yüz illər boyu bir millətin qüruru olmuş şəxsiyyətlərin damarlarında tamam ayrı, hətta ağıla gəlməz, dünyanın hansısa künc-bucağında, tarixin hansısa mərhələsəində itib-batmış bir etnik qrupun qanı axır.

Bir də baxırsan yüz illər, min illər boyunca uğruna qan tökülmüş bir inanc, qutsal sayılmış bir kitab bircə hərflə alt-üst olur.

Örnəkmi istəyirsiniz?

Baxın, yağı saydığımız ermənilərin ən çox hissəsi- 32 faizi R1b1 haploqrupuna aiddir. Bu qrupa daxil olan osetinlər 43 faizdir. Maraqlısı isə budur ki, Asiyadakı türkmənlərdə bu əmsal 43, Başqırdlarda isə 87 faiz civarındadır. Uels, Sotlandiya və İrlandiyada isə 90 faizdən çoxdur.

Belədə, biz hansı ayrıca, müstəsna, torpaq davasına qalxmış erməni xalqından bəhs edə bilərik?
Belədə, ermənilərin Azərbaycana qarşı ərazi iddiası Ərəb yarımadasında zeytun ağacı üstündə gedən davalara bənzəyir.

Halbuki, ABŞ-da, Qərbdə insanların daşıdığı gen vasitəsi ilə on min illər öncəki əcdadların haradan-hara köç etdiyi, hansı mutasiyaya uğradığı öyrənilir.

Fikir verin, 18 yüz ilin ən böyük dövlət adamlarından olan, “xalis türk” sayıb öydüyümüz Fətəli Şah Qacarın haploqrupu (J1/DYS388= 13) Orta Asiya, Türküstan deyil, Mesopotomiya kökənlidir.
Ən maraqlısı isə, bilirsinizmi nədir?

J1 habloqrupuna görə ərəblərin gen babası, ona dini baxımdan Adəm də demək olar, təkamül nəzəriyyəsinin banisi Çarlz Darvinin R1b gen əcdadından on min illərlə gəncdir.

Mən imkanı olan hər bir Azərbaycan vətəndaşının, xüsusən də tanınmış şəxslərin 500 dollardan öz genlərini yoxlatmasının, bununla Azərbaycanın etnogenizi ilə bağlı dünya çapında aparılan samballı bir araşdırmaya töhfə verməsinin tərəfdarıyam.

***

Bir qrafoman var.
Hara getsə, öz büstünü ortalığa qoyanlardandır.

“Büst”ünü neçə illərdir tanıyıram, amma hələ bir samballı yazısını oxumamışam.
Belələrinə həddlərini vaxtında göstərməyəndə, eqoları ilə səviyyələri, peşəkarlıqları arasındakı fərqin zəhlətökənlik dərəcəsində olduğunu zamanında üzlərinə vurmayanda özlərini yuxarıda zənn edirlər.
Görünür, o qrafomana jurnalistikanın nə olduğunu öyrədən olmadığından qalxıb bizim saytın uşaqlarına başlıq, sərlövhə moizəsi oxumağa başlayıb.

Amma yazısında başlıqlarla bağlı professional tələblər, sərlövhənin model və funksiyaları, stilistik xüsusiyyətləri ilə bağlı bir kəlimə də yoxdur.

Yoxdur ona görə ki, qrafoman hara, belə incəliklər hara? Sadəcə, əxlaq, tərbiyə çürükçülüyü...
Türkiyədəki “Hürriyet” qəzetinin dünənki manşetinə “vagina” sözü çıxarılmışdı, yazıda Almaniyanın Tübinqen şəhərində qadın cinsi orqanına qoyulmuş heykəlin içinə girən, amma oradan 22 xilasedicinin köməyi ilə çıxarılan bir gəncdən bəhs edilirdi.

“Pi- chacan” (“Sevişmək” adlanan mərmər vagina perulu heykəltaraş Fernando de La Jara tərəfindən yonulub. Ağırlığı 32 tondur.

32 tonluq mərmər vajina heykəlinin sifarişçisi bir universitetdir, 1477-ci ildən bəri Tübinqen universitetlər şəhəridir...

İyrənir adam, utanır adam, bezir, usanır adam.
32 tonluq mərmər vajina heykəlindən yox, “qoyun,qucaq”, “bakirə” kimi intim məzmun daşıyan sözlərin işlənməsini öz psevdo dəyərləri ilə jurnalistikaya yaraşdırmayan, düşüncə əlillərindən, qrafomanlardan...


Müəllif: Taleh Şahsuvarlı