20 Sentyabr 2016 22:25
1 782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilqəm ƏHMƏD

Fətullahçı terror təşkilatı kimi təqdim edilən qruplaşmanın 15 iyulda Türkiyədə həyata keçirmək istədiyi, lakin xalqın seçki ilə hakimiyyətə gətirdiyi hökuməti yıxılmağa, təmsilçilərinin həbsə atılmağa və ya asılmağa qoymadığı hadisədən artıq 2 ay ötüb.

Hazırda İstanbulda həmin hadisələrin nəticələrindən əsər-əlamət qalmasa da, avtobus və gəmilərdə, metro keçidlərində, küçələrdə çevriliş əleyhinə şüarlar hələ də gündəmdədir, hadisə nəticəsində həlak olanların fotoları şəhərin müxtəlif yerlərində görünməkdədir.

Hadisədən əvvəl Boğaziçi, indi isə 15 iyul şəhidləri adlanan körpüdən isə hər gün istanbullular gündəlik iş-güclərinin arxasınca gedirlər.

15 iyul hadisələrindən ötən iki ayda siyasi gündəmdə durğunlaşma baş verib.

Artıq prezident Ərdoğanın çevrilişçilər əleyhinə kütləni riqqətə gətirən çıxışlarına son qoyulub, tutulan tutulub, işindən qovulan-qovulub.

Hazırda Ərdoğan daha çox FETÖ adlandırılan qruplaşmanın xaricdəki gücünü zəiflətmək məqsədilə fəaliyyətə başlayıb.

Belə ki, dünən BMT-nin 71-ci Ümumi Yığıncağında iştirak etmək üçün ABŞ-a gedən Ərdoğan hava limanında jurnalistlərə verdiyi açıqlamada açıq şəkildə bunları bildirdi:

“Biz hər platformada FETO və dəstəbaşının qaranlıq üzünü ifşa etməyə, bu terror təşkilatının Türkiyə və digər ölkələr üçün yaratdığı təhdidi dilə gətirməyə davam edəcəyik. Bundan sonra dünyanın heç bir ölkəsi, heç bir bölgəsi FETÖ və militanları üçün təhlükəsiz bir sığınacaq deyil, olmayacaqdır”.

Amma izlədiyim qəzetlərdə artıq Gülənin Türkiyəyə ekstradisiyası məsələsi əvvəlki kimi gündəmin əsas mövzularından biri deyil. Ola bilsin ki, Ərdoğan bu məsələni ABŞ-da müvafiq şəxslərlə birbaşa da danışacaq.

Çevrilişçi cəbhədən isə hər hansı bir hərəkətlilik yoxdur. Amma bütün bunlar nə Ərdoğanın ayıq-sayıqlığı itirməsi, nə də ki Fətullah Gülənin yeni bir plan hazırlamaması demək deyil.

Necə ki, Ərdoğan 18-25 dekabr rüşvət qalmaqalı hadisəsindən sonra təriqətin yeni bir həmlə edəcəyini gözləyirdi, indən belə də belə təhlükənin olacağını hesablamaqdadır.

Çünki 15 iyul hadisəsi təriqətin bir hissəsinin nə qədər kin dolu, qisasçı bir anlayışa sahib olduğunu göstərdi. Onlar üçün xalqı küçənin ortasında qırmaq, parlamenti, polisi bombalamaq sadəcə bir göstərişlə mümkün olurmuş.

Türkiyədə çoxluq isə 14 ildir ki bir lideri dəstəkləyir, ona inanır.

Baxmayaraq ki, həmin lideri istəməyən böyük bir kütlə də var ki, hər an balans fərqli istiqamətdə davam edə bilər.

Amma görünən odur ki, Ərdoğanı sevməyən və seçməyən 49 faiz vətəndaş olsa da, 49 faizin hamısının yekdilliklə üzərində dayanacağı bir müxalif partiya və lider hələ ki yoxdur. CHP və MHP-nin ənənəvi elektoratı, HDP-nin isə İstanbuldakı və regiondakı gücü ayrı-ayrılıqda Ərdoğanın gücü qarşısında məğlubdur.

Beləliklə, 15 iyuldan sonra Türkiyə Ərdoğanla yoluna davam edir.

15 iyul hadisəsi həm də onu göstərdi ki, yeni baş nazir Binəli Yıldırım heç də yarıtmaz bir lider deyil, pafosu yox, iş görməyi sevən bir siyasətçidir.

Bir neçə gündür isə Türkiyə gündəmini məşğul edən başqa bir hadisə var.

Aktyor Tarık Akanın ölümü.

Bu barədə sabahkı yazımızda...


Müəllif: Dilqəm Əhməd