28 Sentyabr 2016 17:29
1 708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ali məktəbə uşaq hazırlaşdırmaq çox geniş yayılıb. Bu biznes növü artıq öz inkişafının ən yüksək zirvəsindədir. Məktəblərimizə demək olar ki, inam yoxdur. Heç kim ağlına belə gətirmir ki, repetitor yanına getmədən universitetə girmək olar. Şagirdə mütləq xüsusi müəllim tutulmalıdır, ayda neçə yüz manat pul verilməlidir.

Valideynlər uşağı repetitor yanına göndərməyi artıq özlərinə borc bilir. Birinin uşağı müəllim yanına gedir, o birininki getməyəndə ata-ana pis olur, fikirləşir ki, mənim balam kiminkindən əskikdir? Daha valideyn düşünmür ki, bu uşaq niyə məktəbdə oxuyub universitetə girmir?

Tələbat o qədər yüksəkdir ki, müəllimlər qiymətləri lap kəllə-çarxa qaldırıb. Bir abituriyent təkcə Azərbaycan dilindən 150 manata hazırlaşır. Müəllimdə də insaf yoxdur. Bildiyimə görə, bizdə minimum əmək haqqı heç 150 manat deyil. Ata-ana dişindən-boğazından kəsir.

Bu yaxınlarda yüksək bal toplayan tələbələrlə söhbətim oldu. Onlar da müəllim yanında hazırlaşdıqlarını deyir. Soruşdum ki, məktəbdə oxumaq olmurmu? Gülür. O da mənə sual verir ki, heç eşitmisənmi məktəbdə keçilən dərslərin hesabına kimsə universitetə girsin?

Təbii, repetitorluq elə bir biznes növüdür ki, bunu hansısa qanuni yolla tənzimləmək mümkün deyil. Nə də kiminsə çörəyini əlindən almağı yaxşı bir iş hesab etmirəm. Ancaq bildiyim bir məsələ var ki, repetitorluq genişləndikcə məktəblərimiz gözdən düşür. Hamı məktəbə formal yer kimi baxır. Xüsusilə repetitorluqla məşğul olan müəllimlər məktəbə inamı öldürüblər, hörmətdən salıblar.

Bəzən müəllimlər qəsdən siniflərdə dərs keçmir, yola verir. Niyə? Nədi-nədi uşaqlar ona müraciət etsin, pul verib yanına hazırlığa gəlsinlər. Elə valideynlər də var, ümumiyyətlə, uşağı məktəbə getməyə qoymur. Direktorla danışıb məsələni həll eləyir. Səbəb nə olsa yaxşıdır? Balam müəllim yanına gedir, məktəbə vaxt itirir.

Bu yaxınlarda yaxın bir dostum məni yanına çağırıb deyir ki, kurs açmaq istəyirəm. Soruşdum ki, nə məsələdir? Uşaq hazırlaşdıraq, pul qazanaq! Azərbaycan dilindən, xarici dillərdən, ədəbiyyatdan, tarixdən və s. Hər fənin qiyməti 100 manatdır.

Bu işə başdansovdu yanaşdığımı görən dostum əsəbiləşdi. Deyir hamı repetitorluqla məşğuldur. Evinin bir otağını ayırırsan, müxtəlif dost-tanış, qohum-əqrəba vasitəsilə uşaq toplayırsan. Əvvəl gəlir az olsa da, həvəsdən düşmək lazım deyil, yavaş-yavaş hər şey öz qaydasına düşür. Bu yolla maşın alan kim, ev tikdirən kim, qız köçürən, toy eləyən kim!

Allah sağlıqlarına qismət eləsin, bir söz demirəm. Ancaq yenə bir məsələ məni düşündürməyə başlayır. Bəs məktəblərimiz nə işlə məşğuldur?


Müəllif: Kəramət Böyükçöl